Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları kürd silahlılarını dəstəkləməkdə ittiham edib.
Fevralın 15-də Ankaradan verilən xəbərlərdə deyilir ki, 13 türk oğurlandıqdan sonra İraqın şimalında edamsayağı öldürülüb.
Reuters yazır ki, Ərdoğan ABŞ-ın bu hadisəni pisləməsini “zarafat” adlandırıb.
Türkiyədən alınan xəbərlərdə deyilir ki, fevralın 13-də qadağan olunmuş Kürdüstan İşçi Partiyası – PKK silahlıları, aralarında hərbçi və polislər də olan girovları qəddarcasına öldürüblər.
Bu hadisə Türkiyə hərbiyyəsinin PKK-ya qarşı keçirdiyi əməliyyatdan sonra baş verib.
Birləşmiş Ştatlar bu hadisənin ardınca Vaşinqtonun Ankaranı dəstəklədiyini və əgər qətllərin PKK tərəfindən törədildiyi təsdiqlənərsə bu təşkilatı pisləməyə hazır olduğunu bildirib.
Buna da bax: ABŞ Türkiyəni bir daha Rusiya silahından imtina etməyə çağırır
"Zarafat" kimi bəyanat
Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat hesab etsələr də, ABŞ Suriyada ekstremist İslam Dövlətinə qarşı döyüşən kürd YPG qruplaşmasına dəstək verib.
Ankara YPG-nin PKK-nın bir qolu olduğunu bildirir.
Ərdoğan Qara dəniz sahilindəki Rize şəhərində hakim partiyanın tərəfdarları qarşısında etdiyi çıxışda deyib:
“İndi də Birləşmiş Ştatlar bəyanat verib. Zarafatdır bu. Siz axı, gərək PKK və YPG-yə qarşı olaydınız. Siz aşkar şəkildə onları müdafiə edirsiniz və arxalarında dayanmısınız”.
Co Bayden ötən il ABŞ prezidenti seçiləndən bəri Türkiyə dəfələrlə Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib.
Lakin ABŞ-ın YPG-yə dəstəyi Ankaranı daim qəzəbləndirib və bu məsələ iki NATO müttəfiqi arasında ixtilaf səbəbi olaraq qalır.
Buna da bax: Türkiyə Yaxın Şərqdən Mərkəzi Asiyaya istiqamət dəyişir?
“PKK və Türkiyə arasında seçim edin”
Ərdoğan bəyan edib ki, Türkiyə sərhəd üzərindən İraqdakı PKK-çılara qarşı əməliyyatlarını davam etdirəcək.
Türkiyə hökumət qüvvələri və kürd separatçılar arasında davam edən münaqişədə indiyədək 40 min nəfər həyatını itirib.
Ərdoğan ABŞ və Türkiyənin müttəfiq olduqlarını xatırladıb:
“Əgər biz sizinlə birlikdə NATO-dayıqsa, birliyimizi davam etdiririksə, deməli, siz bizə münasibətdə səmimi olmalısınız”.
Prezident deyib ki, heç kəs Türkiyənin sərhəd üzərindən İraq və Suriyada keçirdiyi əməliyyatları pisləyə bilməz.
O əlavə edib ki, ölkələr Türkiyə və PKK arasında seçim etməlidirlər.