Erdoğan Trump-la Patriot raketlərini müzakirə etdiyini deyib

Donald Trump (solda) və Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Reuters agentliyinə müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Trump-la öz ölkəsi üçün Amerika istehsalı olan Patriot raketlərinin alınması məsələsini müzakirə edib.

Erdoğanın fikrincə iki lider arasında anlaşma Vaşinqton və Ankara arasında Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasına görə yaranmış böhranın aradan qaldırılmasına imkan yaradacaq.

Türkiyənin ötən iyul ayında Rusiyadan S-400 raketlərini alması Vaşinqtonun Ankara üzərinə sanksiyalar qoyması təhlükəsini yaratmışdı.

ABŞ Rusiya ilə bu sövdələşməyə görə Türkiyəni F-35 qırıcı təyyarələri proqramından xaric edib.

ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Patriot raketlərinin alqı-satqısına dair ABŞ-Türkiyə danışıqlarının vaxtı tükənib.

Erdoğan Reuters agentliyinə deyib ki, o Patriot raketlərinin alınmasına dair məsələni iki həftə əvvəl Trump-la telefon danışığı zamanı müzakirə edib.

Türkiyə prezidenti əlavə edib ki, bu müzakirələri Trump-la gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyası zamanı davam etdirəcək.

Türkiyənin Halkbank dövlət bankına qarşı İrana görə ABŞ sanksiyalarının qoyulması məsələsindən danışan Erdoğan deyib ki, o Trump-la birlikdə “bu səhvi çözməyə” nail olacaq.

Erdoğan bildirib ki, onunla ABŞ prezidenti arasında “məxsusi qarşılıqlı etibar” var.

Erdoğan Reuters agentliyinə deyib ki, o ABŞ kimi bir dövlətin öz muttəfiqi Türkiyəyə qarşı ədalətsizliyə yol verəcəyinə inanmır.