Erkin Qədirli ölkədən buraxılmayıb

Erkin Qədirli

-

İyunun 17-də REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Bakı aeroportundan xaricə ölkəyə buraxılmayıb.

E.Qədirli Facebook səhifəsində yazır ki, bu səhər Türkiyəyə istirahətə gedəcəkdi.

«Bakı hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasportuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən «Ləğv olundu» vurdular və məni geri qaytardılar», - o yazır.

E.Qədirli qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilməyib: «Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur. Heç bir istintaqa cəlb olunmamışam».

E.Qədirli güman edir ki, bu qadağa «Qanun» nəşriyyatından götürülmüş REAL-ın flayerləriylə bağlıdır: «Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş».

İyunun 12-də polis «Qanun» nəşriyyatının ofisində yoxlama aparıb. REAL Hərəkatının hazırda həbsdə olan rəhbəri İlqar Məmmədovun ad günü münasibətilə buraxılan flayerlər və bəzi çap məhsulları müsadirə edilib.