Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Erebuni" aeroportuna enən, içində beş əsir olan Rusiya təyyarəsini qarşılayıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) səfirliyin Facebook-dakı səhifəsinə istinadla yazır.
"Azatutyun" artıq Azərbaycanda qaytarılan əsirlərin sayının 114-ə çatdığını, onların içində həm hərbçilər, həm də mülki şəxslər olduğunu bildirir.
Azərbaycan ötən ilin noyabrında hərbi əməliyyatlar dayananda sonra öz ərazisində saxlanan erməni hərbçiləri "terrorçu-diversant" sayırdı. Ancaq sonradan onların bir qisminə daha yüngül cəza kəsildi və mina xəritələri əvəzində azad olundular.
Ermənistanın isə Azərbaycana 15 nəfəri təhvil verdiyi bildirilir.
Azərbaycan daha 5 erməni hərbçini qaytarıb
AzadlıqRadiosunun erməni xidməti Azərbaycan mediasına istinadən daha beş əsirin Ermənistana qaytarıldığını yazır.
Azərbaycan mənbələrinin verdiyi məlumata görə, bunlar ağır olmayan cinayətlərə görə məhkum edilənlərdir. Rəsmi Yerevan hələ ki bu xəbəri şərh etməyib.
Beləliklə, Azərbaycandan Ermənistana qaytarılanların sayı 113-ə çatıb. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var.
Erməni tərəfinin dəqiqləşdirilməmiş məlumatına görə, Azərbaycanda hələ də onlarca erməni əsir saxlanır.
Rüstəm Muradov aparıb?
Rəsmi Bakı bütün hərbi əsirləri qaytardığını bildirir. Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından sonra saxlananları hərbi əsir yox, terrorçu hesab etdiyini bildirib.
"Turan" agentliyinin verdiyi məlumata görə, azad olunanları Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradov təyyarə ilə Yerevana çatdırıb.