PUA ələ keçirilib - MN

PUA

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu gün, oktyabrın 14-də pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər.

Nazirliyin bildirməsinə görə, olay Füzuli rayonu istiqamətində baş verib: "Kəşfiyyat məqsədilə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter aşkar edilərək ələ keçirilib".

Məsələyə, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

AMN oktyabrın 13-də isə bildirmişdi ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonuna hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı atəşə tutulub. Olayda ölən və yaralananın olmadığı bildirilirdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.