Mirzoyan Lavrovla görüşün nəticələrindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, 9 iyun Yerevan 2022

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergei Lavrovla görüşün konstruktiv və səmimi olduğunu deyir.

O, iyunun 9-da Yerevanda Lavrovla görüşdən sonra birgə mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair mümkün sənəd, Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı məsələlər əsas müzakirə mövzularından olub.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, nazirlər qarşılıqlı maraq doğuran ikitərəıfli məsələlər, o, cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Dağlıq Qarabağ münaqişəsinin həlli

Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas məsələ olduğunu,Yerevanın regionda sülh və sabitliyə nail olmaq üçün səy göstərməyə hazır olduğunu vurğulayıb.

O hesab edir ki, bura Qarabağın təhlükəsizliyi, bütün hüquqları və statusunun təmin edilməsinə dair əsas maddələr daxil olmalıdır.

Mirzoyan qeyd edib ki, Qarabağ münaqişəsinin həlli prinsipləri beynəlxalq vasitəçilər olan ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən hazırlanıb və Ermənistan bu yöndə fəaliyyətin aktivlışdirilməsində maraqlıdır.

Sülhməramlı missiya

Qarabağdakı sülhməramlı missiyaya gəldikdə isə Ararat Mirzoyan qeyd edib ki, Ermənistan hələ də Rusiya sülhməramlılarının 2020-ci il 10 noyabr bəyanatı ilə müəyyən edilmiş “status-kvo” vəziyyətini bərpa edəcəyinə inanır.

Onun sözlərinə görə Azərbaycan tərəfi həmin vəziyyəti martın 24-də Fərrux kəndini götürməklə pozub.

Hərbi əsirlərin qaytarılması

Mirzoyan həmçinin bildirib ki, hərbi əməliyyatların başa çatmasından 2 il ötməsinə baxmayaraq, Azərbaycan tərəfi beynəlxalq hümanitar hüququn normalarını pozaraq hələ də hərbi əsirləri qaytarmaqdan imtina edir. Mirzoyan ümid edir ki, Rusiya bu sahədə də daha çox səy göstərəcək.

Buna da bax: Azərbaycan və Ermənistan arasında sərhədlə bağlı komissiya yaradılıb

Yolların açılması

Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüşdə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, həmçinin sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri də müzakirə olunub.

“Regional əlaqələrin açılması yeni imkanlar yarada bilər, o cümlədən də Ermənistan və Rusiya arasında logistika əlaqələrinin şaxələndirilməsi. Ümid edirik ki, baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən komissiya müsbət nəticə əldə edəcək” , deyə Mirizoyan bildirib.

Sergei Lavrovun baş nazir Nikol Paşinyanla da görüşü nəzərdə tutulub.

Azərbaycan tərəfindən hələlik Mirzoyanın dediklərinə rəsmi münasibət bidirilməyib.

Amma qeyd edək ki, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Qarabağn yekin statusundan söhbət də gedə bilməz. O ki, qaldı 10 noyabr bəyannaməsindəki şərtlərin pozulması və sərhəd bölgələrindəki insidentlərlə bağlı Ermənistan tərəfinin ittihamlarına, rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan keçmiş sovetlər dövründəki qanuni ərazilərini-sərhədlərini bərpa edir.

Xatırlatma

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə və sonda atəşkəs bəyannamısi ilə 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xətti və Laçın dəhlizində isə Rusiya hərbçiləri yerləşdirilib.

Amma hələ ki, iki ölkə arasındakı sərhədlər müəyyən edilməyib kommunikasiya-nəqliyyat əlaqələri bərpa olunmayıb və yekun sülh müqaviləsi imzalanmayıb.