Ermənistan Azərbaycandan qaz almağa hazırdır – nazir müavini

Akop Vardanyan

Ermənistan Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra bu ölkədən qaz almağa hazırdır.

"EurAsia Daily" nəşrinin yazdığına görə, bunu oktyabrın 26-da Tbilisidə "İpək Yolu" beynəlxalq forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.

"Energetika sistemlərimizi şaxələndirə biləcəyik"

"Münaqişə səbəbindən Azərbaycandan Ermənistana qazın və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın enerji sistemi üçün sarsıdıcı hadisə oldu, çünki o vaxt biz Azərbaycandan qaz alırdıq. Və sonra biz qazı ölkəmizə çatdırmaq üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq", – Vardanyan vurğulayıb.

"Ümid edirəm, bizim regionda sülh bərqərar olacaq, biz, həmin vaxtlardakı kimi, əməkdaşlıq edə, energetika sistemlərimizi şaxələndirə biləcəyik", – nazir müavini əlavə edib.

Hazırda Ermənistan Rusiya və İrandan qaz alır. Ermənistan qazın qarşılığında İrana elektrik enerjisi verir.

Sərhədlər açılarsa...

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Vardanyan vurğulayıb ki, Ermənistan regionun mərkəzində yerləşdiyindən onun Şərq və Qərb qonşuları ilə sərhədlərinin açılması böyük imkanlar yarada bilər. O, Ermənistanın Azərbaycandan Türkiyəyə, eləcə də əks istiqamətdə elektrik enerjisinin nəqlində və ixracında rol oynaya biləcəyini, eləcə də hər iki ölkəyə elektrik enerjisi ixrac edə biləcəyini deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi forumunda "Sülh qovşağı" layihəsi və sülh gündəmindən danışıb.