Ermənistan parlamentinin spikeri Azərbaycandan qaz almağa müsbət baxır

Alen Simonyan

"Azərbaycan ilə İrandan qaz kəmərinin çəkilməsi və qazın onlardan alınması çox yaxşı variantdır".

Bunu aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O izah edib ki, hazırda heç bir müzakirə aparılmır.

Spiker "Ermənistan Azərbaycandan qaz ala bilərmi" sualına belə cavab verib: "Mənim buna münasibətim çox müsbətdir. Biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, indi istifadə etdiyimiz qazın bir hissəsinin Azərbaycan qazı olmadığı doğru deyil".

2023-cü ildə Rusiya Ermənistana 2 milyard 444.8 milyon kubmetr təbii qaz tədarük edib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Ermənistanın onun ölkəsindən qaz ala biləcəyini istisna etməyib: "Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial olaraq, xüsusən də Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı".

Bununla belə, o hesab edir ki, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.