Əkrəm Əylisli: 'Yaddaşlardakı neqativi götürməyə çalışmaq lazımdır'

Sizin brauzer HTML5-i dəstəkləmir

Əkrəm Əylisli: "Bizdə yaddaşda fərq var"

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel avqustun 31-də Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra deyib ki, tərəflər sülh sazişinin mətni üzərində işləmək haqda razılığa gəliblər və indi iki xalqı uzunmüddətli davamlı sülhə hazırlamaq lazımdır.

Bəs 35 ilin düşmənçiliyindən sonra xalqları sülhə hazırlamaq üçün konkret hansı işlər görülməlidir?

Sizin brauzer HTML5-i dəstəkləmir

'O adamların vətəni puldur' - Əkrəm Əylisli

"100 il fransızlarla ingilislər yola getməyib..."

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qalmaqallı "Daş yuxuları" romanının müəllifi, bu romanına görə kitabları yandırılan, Xalq yazıçısı adından məhrum edilən Əkrəm Əylisli inanır ki, iki xalqın bir-biri ilə dil tapması, sülh şəraitində yaşaması mümkündür, yetər ki, hər iki tərəfi pozitivə yükləmək üçün işlər görülsün: "İnanıram alınar, ona görə ki, xalqlar arasında belə münasibətlər birinci dəfə deyil baş verir. Az qala 100 il fransızlarla ingilislər yola getməyib, aralarında böyük münaqişələr olub. Amma indi necədir - İndi Parisdə bilet al, axşam get Londonda tamaşaya bax və ya Londonda bilet al, axşam get Parisdə restoranda yemək ye. Bizdə yaddaşda fərq var. Ermənilərlə azərbaycanlılar müxtəlif yaddaşlarla yaşayırlar, bu yaddaşlardakı neqativi götürməyə çalışmaq lazımdır".

Ruben Mehrabyan

"...xalqın da əksər hissəsi bu fikri dəstəkləyir"

Yerevanda Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan da düşünür ki, bütün proseslər tərəflərin sülhə yaxınlaşdığını göstərir. Onun sözlərinə görə, regionda hegemonluğunu qoruyub saxlamağa çalışan Rusiya istisna olmaqla bu sülhü indi həm münaqişə tərəfləri, həm də beynəlxalq vasitəçilər istəyir: "Bu gün hökumətin iclasında baş nazir görüşün nəticələrini şərh edərkən açıq şəkildə bildirib ki, bəli, proses gedir və "bizim məqsədimiz regionda sülhdür, biz uzunmüddətli, dayanıqlı sülh istəyirik". Bu, Ermənistan xalqının əksəriyyətinin səs verdiyi baş nazirin mesajıdır və o deməkdir ki, xalqın da əksər hissəsi bu fikri dəstəkləyir. Eyni addımı Azərbaycan prezidenti də atmalıdır. Bu cür addımlar hər şeydən əvvəl liderlər tərəfindən atılmalıdır. Amma liderlərlə yanaşı, bu, həm də siyasi dairələrin etməli olduğu işdir".

Amma R.Mehrabyan onu da deyir ki, Ermənistanın Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı narahatlığı hələ də qalmaqdadır. "Ermənistanda hər kəs bütövlükdə Azərbaycanda insan haqları ilə bağlı durumdan xəbərdardır. Hüquq pozuntuları ilə bağlı durumu beynəlxalq təşkilatların hesabatları da göstərir", - o, fikrini əsaslandırır. Ölkədə insan hüquqları ilə bağlı tənqidləri rədd edən Prezident İlham Əliyevsə çıxışlarında bir neçə dəfə bildirib ki, Qarabağın erməni sakinləri gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər.

Ş.Hacıyev

"Bakının dediyini təsdiqləməsi vaxtıdır"

Siyasi şərhçi Şahin Hacıyev isə düşünür ki, indi rəsmi Bakının bu dediyini təsdiqləməsi vaxtıdır. Çünki, onun fikrincə, müharibənin ardından nə Azərbaycan, nə də Ermənistan cəmiyyəti hələ ki sülhə tam hazır deyil: "Konfliktin səbəbi, ilkin addım nə olubsa, nə baş veribsə, o aradan qaldırılmalıdır. O da ermənilərin Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi tələbidir. İlk növbədə ermənilər bu iddialarından əl çəkməlidirlər. Azərbaycan xalqını da hazırlamaq lazımdır. Barış isə o deməkdir ki, indiyədək səslənən "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır" tezisini təsdiqləmək lazımdır. Bunun həm hüquqi cəhətdən, həm praktik cəhətdən həyata keçirilməsini bizdən istəyəcək və tələb edəcəklər".

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib, Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Üçtərəfli atəşkəs razılaşması imzalansa da, hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişini əldə etmək mümkün olmayıb.