Ermənistan və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri təsis edir

Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalandığı bildirilir.

İki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq BƏƏ paytaxtı Əbu Dabidə imzalanıb.

Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkələr arasında əldə olunan protokol Ermənistanın və S.Ərəbistanın BƏƏ səfirləri tərəfindən imzalanıb.

"Bu barədə protokolu Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar", - məlumatda qeyd olunub.

Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, Səudiyyə Ərəbistanı Qarabağ konfliktinin başlamasının ardından Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığı müddət ərzində Ermənistanla diplomatik münasibətləri qurmayacağını açıqlamışdı.