Ermənistanda sürən siyasi çəkişmələr fonunda bir general həbs edilib

Tiran Xaçatryan

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini İkinci Qarabağ savaşında səhlənkarlıqda suçlanaraq həbs olunub.

AzadlıqRadiosunun erməni xidmətinin bilgisinə görə, Tiran Xaçatryan 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaş zamanı xidməti vəzifələrini yerinə yetirməyib.

İttihamlara görə, Xaçatryanın gərəkli müdafiə xətləri təşkil etməməsi Azərbaycan qoşunlarına strateji uğurlar qazandırıb.

Xaçatryan ittihamları rədd edib, onun vəkilləri isə generala qarşı ittihamları "əsassız" adlandıraraq apellyasiya məhkəməsinə üz tutacaqlarını bildiriblər. Onların iddialarına görə, keçmiş yüksəkrütbəli hərbçidən siyasi baxışlarına görə qisas almaq istəyirlər.

Rəsmi Yerevanın hərbi uğursuzluqlarından sonra hərbçi həbsləri baş nazir Nikol Paşinyanla hərbi dairələr arasında münasibətləri gərginləşdirib və Paşinyana ölkədaxili basqıları artırıb.

Xaçatryan 2020-ci ildə Azərbaycanla müharibədən sonra Ermənistanın Milli Qəhrəmanı adına layiq görülsə də, daha sonra onunla hakimiyyət arasında gərginlik yaranıb.

2021-ci ilin fevralında Paşinyan Xaçatryanı silahlı qüvvələrin baş qərargah rəisinin müavini vəzifəsindən azad edib. Bir gün sonra Xaçatryan da aralarında 40-dan çox yüksəkrütbəli hərbçi baş nazirin və onun hökumətinin istefasını tələb edib.

Bu addımı qınayan Paşinyan onu dövlət çevrilişi cəhdinin bir elementi kimi dəyərləndirib.

2024-cü ilin yanvarında restoranların birində mübahisə zamanı tüfənglə atəş açdığı üçün Xaçatryan iki ay müddətinə həbs edilib. Prokuror generalı masasının yanında duran şəxsi yaralamaqda suçlayıb, Xaçatryansa özünü qorumaq üçün havaya atəş açdığını deyib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.