Ermənilər hərbi zavodları işə salırlar

Keçmiş müdafiə naziri Seyran Ohanian Yerevanda hərbi təyionatlı zavodda. 2016

Ermənistan hökuməti ölkədə müasir hərbi texnika istehsalını inkişaf etdirmək haqqında qərar qəbul edib. İyunun 15-də Nazirlər Kabineti «Hərbi-sənaye və hərbi-texniki siyasət strategiyası» əsasında tədbirlər proqramını qəbul edib. Proqram çərçivəsində hərbi sənaye sahəsində ölkədaxili istehsalı genişləndirmək nəzərdə tutulub. Məqsəd Ermənistan Silahlı Qüvvələrini müasir silahlar və hərbi texnikayla təmin etməkdir.

Ölkənin müdafiə naziri Vigen Sargsyan hökumətin iyunun 15-də keçirilmiş iclasında layihə üzrə məruzə etməsə də, açıqlanmış rəsmi sənəddə bir sıra maraqlı detal gözə dəyir. Məsələn, hərbi istehsal sahəsində bir sıra qurumun yaradılması nəzərdə tutulur. Bu qurumlar lazer, optika və elektronika, rabitə, radiolokasiya, radioelektron mübarizə, texniki kəşfiyyat vasitələri, hərbi kimya və s. kimi sahələrdə işlər görəcək.

«İSTEHSAL MÜMKÜNDÜR»

«İnformasiya texnologiyaları müəssisələri ittifaqı»nın rəhbəri Karen Vardanian uzun illər Ermənistanda müasir hərbi texnikanın istehsalına başlanmasının zəruriliyini vurğulayıb. Vardanian AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində Ermənistanda göstərilən sahələrdə müasir hərbi texnikanın istehsalının mümkünlüyünə əminliyini bildirib. O deyib ki, ölkədə bundan ötrü gərəkən mütəxəssislər də var.

«Ermənistan bir zamanlar bütün Sovet İttifaqının hərbi elektrotexnikasının üçdə birini istehsal edirdi. Elə bugünkü nəsil də beynəlxalq bazarda uğurlara malikdir. Təbii ki, bu sahədə istehsal mümkündür», – deyə K.Vardanian bildirib.

Proqramda bundan başqa, elmi-tədqiqat strukturunun yaradılması və hərbi sənaye sahəsi üzrə ixtisaslaşmış üç iri zavodun birləşdirilməsi də nəzərdə tutulub. Söhbət «65 saylı hərbi zavod», «Qarniler QAM» və «Çarentsavan dəzgahqayırma zavodu»ndan gedir.

Müdafiə Nazirliyi proqramın digər detallarını açıqlamayıb. Sənədə əsasən, Ermənistanın təhsil və elm nazirliyi ilə Dövlət elm komitəsi də bu məsələdə Müdafiə Nazirliyi ilə əməkdaşlıq edəcək. Hər iki qurumdan AzadlıqRadiosunun erməni xidmətinə bildirilib ki, bu məsələ, hələlik, müzakirə mərhələsindədir və onlar bu məsələylə sonra məşğul olacaqlar.