Mayın 14-də Yerevanda Ermənistan və Hindistanın müdafiə nazirlikləri arasında ilk hərbi məsləhətləşmələr keçirilib.
Yerevan və Dehli arasında məsləhətləşmələrin nəticələrinə dair Protokol imzalanıb. Bununla da bu ölkələrin müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiq edilib, ikitərəfli hərbi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılmasına qərar verilib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib.
Ermənistan son iki ildə Hindistan ilə yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları tədarük edilib və ya bu planlaşdırılır.
Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda bəyan etmişdi ki, onlar Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etmirlər.