Ermənistan Hindistandan PUA və digər silahlar almaq niyyətindədir - Hindistan mətbuatı

Ermənistan-Adani Müdafiə və Aerokosmik şirkətin Sky Striker hücum pilotsuz təyyarəsi, arxiv foto

Bu məqsədlə ötən ay Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti alınacaq silahların siyahısı ilə Hindistanda olub

İrəvan Dehlidən hərbi pilotsuz uçan aparatlar (PUA) və digər silahlar almaq niyyətindədir. Bu məqsədlə ötən ay Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti alınacaq silahların siyahısı ilə Hindistana olub. Bu barədə Hindistanın ticarət və iqtisadi mərkəzi Mumbay şəhərinin ingilisdilli dövri nəşrlərindən biri olan "DNAIndia" yazıb.

DNA, Hindistan, screenshot, 22 iyul 2022

Nəşr Ermənistanın Hindistandan konkret hansı PUA-ları, hansı silahlar almasına, bu silahlara nə qədər pul xərcləmək niyyətinə aydınlıq gətirməyə çalışıb.

Məsələn, Hindistan uzun müddətdir ki, döyüş PUA-ları və onlarla mübarizə vasitələrinin yaradılması üzərində işləyir. Bu məqsədlə Hindistan şirkətləri son illərdə xüsusilə İsraillə əməkdaşlıq edirlər. 2019-cu ildə İsrail-Hindistan şirkəti Adani Defence & Aerospace təsis edilib.

“DnaIndia” adının çəkilməsini istəməyən erməni rəsmisinə istinadən yazır ki, son Qarabağ müharibəsi İrəvanı hərbi ehtiyaclarına yenidən baxmağa məcbur edib. Nəşr qeyd edir ki, müharibə Rusiya hərbi texnikasının Türkiyə silahlarına, xüsusilə Bayraktar pilotsuz aparatlarına qarşı nə qədər yararsız olduğunu göstərdi.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edilib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azatutyun (AzadlıqRadiosunun erməni xidməti) radiosu yuxarıdakı suallara cavab almaq üçün Ermənistanın hərbi idarəsinə müraciət edib. Departamentdən hələ ki, cavab verilməyib.

44 günlük müharibədən sonra nəzərəçarpacaq dərəcədə intensivləşən Ermənistan-Hindistan münasibətlərində hərbi əməkdaşlıqdan söhbət iyul ayında açıq şəkildə başlayıb.

Buna da bax: Ermənistan çağırışçıları Qarabağdan çıxarılır, 'müdafiə ordusu' isə…

İyulun əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Hindistan Xarici İşlər Nazirliyinin Qərb şöbəsinin katibi Sanjay Vermanı qəbul edib və o, Yerevanda tərəflərin müdafiə sahəsində uzunmüddətli əməkdaşlığa sadiq olduğunu bəyan edib.

“Biz müdafiə sahəsində əməkdaşlığın konkret yollarını axtarmağa başladıq. Biz bu sahədə uzunmüddətli əməkdaşlıq yollarını axtarırıq. Biz ticarət və iqtisadiyyatda irəli gedə biləcəyimiz məhsulların, sektorların və alt sektorların müəyyən edilməsi prosesinə başlamışıq. İkitərəfli investisiya çatışmazlığı var. Hindistan sənayesini və iş adamlarını Ermənistana sərmayə qoymağa təşviq etmək mənim, hökumətimizin borcudur, çünki imkanlar və potensial böyükdür”, - Sanjay Verman bildirib.

Hindistan (sol) və Ermənistanın xarici işlər nazirləri, arxiv foto

Hindistan rəsmisi söhbətin hərbi sahədə hansı əməkdaşlıqdan getdiyini dəqiqləşdirməyib. Erməni tərəfi də izahat verməkdən yayınıb. Azərbaycanla müharibədən əvvəl, 2020-ci ilin martında Hindistan mətbuatı yazırdı ki, Ermənistan hökuməti Rusiya, Polşa və Hindistanın hərbi sənaye şirkətlərindən sonuncunu seçib və Dehli artilleriya istiqamətini müəyyən etmək üçün İrəvanı dörd ən yeni Svati radarı ilə təmin etməlidir.

50 km mənzilli və ümumi dəyəri 40 milyon ABŞ dolları olan mərmi və müxtəlif raketlər Hindistan ordusuna ilk dəfə 2018-ci ildə verilib.

Rəsmi mənbələr Ermənistanın bu radarları alıb-almadığı barədə sussalar da, "DnaIndia" bu sövdələşmənin baş tutduğunu yazır.

Ermənistanın xarici işlər naziri və Hindistanın baş naziri, Ermənistan, arxiv foto

Bir ildən az müddətdə Hindistan və Ermənistan xarici işlər nazirləri artıq üç dəfə görüşüblər. Görüşlərdən biri ötən ilin oktyabrında Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın Yerevana səfəri çərçivəsində baş tutub.

Sonuncu görüş isə 2022-ci ilin aprelində Mirzoyan Hindistanda üç günlük işgüzar səfərdə olarkən baş tutub və bu səfər zamanı onu ölkə başçısı, baş nazir Narendra Modi də qəbul edib.