Nazirlik Ermənistanın Kəlbəcər istiqamətində təxribat törətdiyini və atışma getdiyini bildirir

Ermənistan əsgərləri sərhəddə, 17 may 2021.

Noyabrın 13-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın mövqelərini atəşə tutması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub".

Xəbərdə qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür və hazırda bu istiqamətdə atışma davam edir.
"Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır." nazirliyin məlumatında vurğulanır.

Hələki bu məlumatla bağlı Ermənistanın Müdafiə Nazirliyinin hər hansı bir açıqlaması yoxdur.

Buna da bax: Şuşa yaxınlığındakı postda Azərbaycan əsgərlərinə qumbara atılıb

Azərbaycanın Müdafiə Nazirliyi noyabrın 9-da da Ermənistan silahlı qüvvələrinin Qaragöl istiqamətində təxribat törətmək istədiyi ilə bağlı məlumat yaymışdı.

Həmin məlumatda bildirilirdi ki, "Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü (Sevliç) istiqamətində hərəkət edərək Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər",

Məlumata görə, qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə Ermənistan tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan ordusunun sərhədin həmin sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb:

"Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb".

Ermənistan Azərbaycanı günahlandırır

Rəsmi Ermənistan isə öz növbəsində sərhəddə atəş açılmasında Azərbaycan tərəfini günahlandırır. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır ki, Azərbaycan hərbi qüvvələri Qeqarkunik rayonu istiqamətinə atəş açıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan-Ermənistan sərhədində gərginlik: nə baş verir?