Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) proqramlarını maliyyələşdirməyəcək.
Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla Ermənistanın bir sıra saytları yayıblar.
Badalyanın sözlərinə görə, Ermənistan təşkilatın 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan imtina edəcək.
Bu, başqa sözlərlə Yerevanın bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi deməkdir.
Ani Badalyan əlavə edib ki, Yerevan “bu qərarın məhdud formatda qəbuluna etiraz etməyəcək”.
KTMT nümayəndəsi Rusiyanın TASS agentliyinə təşkilatın Ermənistanın qərarından xəbərdar olduğunu, lakin Yerevanın KTMT üzvü olaraq qaldığını bildirib.
Bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, onun ölkəsi KTMT-dəki fəaliyyətini “dondurub”.
Onun sözlərinə görə buna səbəb təşkilatın 2021 və 2022-ci illərdə Ermənistan qarşısında öhdəliklərinə əməl etməməsidir.
Buna da bax: Rusiya ordusu Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrini tərk edirKTMT katibliyindən deyiblər ki...
KTMT Katibliyindən Rusiyanın RIA Novosti agentliyinə deyiblər ki, Ermənistan hakimiyyəti təşkilatda üzvlüyünün dayandırılmasına dair heç bir bəyanat verməyib.
Katiblik bildirib ki, belə görünür, söhbət təşkilatın keçirdiyi tədbirlərdə iştirakdan imtina edilməsindən gedir.
Ötən mart ayında Paşinyan demişdi ki, əgər təşkilatın üzvləri öhdəliklərinə əməl etməsələr və özlərinin məsuliyyəti zonasını rəsmən tanımasalar, Yerevan KTMT-də iştirakdan imtina edəcək.
Baş nazir vurğulamışdı ki, Ermənistan KTMT üçün “problem yaratmayıb” və “bütün problemlər Yerevan KTMT-nin Ermənistandakı məsuliyyət zonası məsələsini qaldırdığı və bu sorğuya cavab almadığı nöqtədən başlanıb”.
Buna da bax: Ermənistan Sünikdə gömrük-logistika mərkəzi tikirBundan əvvəl
Bundan əvvəl Paşinyan demişdi ki, Yerevan Rusiyanın hərəkətlərinə görə başqa ölkələrlə münasibətlərinə yenidən baxır və təhlükəsizlik sahəsində yeni partnyorlar axtarır.
O vurğulamışdı ki, Moskva Qarabağ münaqişəsi zamanı özünün müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Paşinyan əlavə etmişdi ki, elə bu səbəbdən Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasında heç bir məna görmür.
Bununla belə Paşinyan France 24 telekanalına müsahibəsində demişdi ki, hazırda Ermənistan ərazisindəki Rusiya bazaları məsələsi nəzərdən keçirilmir.
Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.
Təşkilatın 2022-ci ilin noyabrında Yerevanda keçirilən sammitində isə o KTMT kollektiv təhlükəsizlik şurasının bəyannamə layihələrini və Ermənistana birgə kömək tədbirləri haqqında sənədi imzalamamışdı.
Paşinyan bildirirdi ki, bu sənədlərdə Ermənistan-Azərbaycan sərhədində baş verənlərə siyasi qiymət verilməyib və bu isə KTMT-nin öz müttəfiqlik öhdəliklərindən imtinası və Azərbaycanın gələcək təcavüzü üçün “yaşıl işıq yandırılması” kimi qiymətləndirilə bilər.
Bundan əvvəl, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimlərinin keçirilməsinə icazə verməmişdi.
Buna da bax: Ermənistan təhlükəsizlik strategiyasının təftişinə başlayıbXatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.