Azərbaycanda energetika nazirinin bərpa olunan enerji üzrə müavini qonşu Ermənistanda nüvə elektrik stansiyasında əməliyyatların həftəsonu təcili dayandırılmasından təəccüblənib, ermənilərin hazırda işlətdikləri müəyyən texnologiyalarla bağlı narahatlığını bildirib.
Nazir müavini Elnur Soltanov sentyabrın 1-də AzadlıqRadiosuna deyib ki, qonşuluqda atom stansiyaları dünya standartlarına uyğun olmaya bilər, qəza halında isə "yalnız ermənilər ziyan görməyəcəklər".
Avqustun 30-da axşam şimşək çaxmasından sonra Ermənistanın yeganə işlək Metsamor nüvə reaktorunun işi müvəqqəti dayandırılıb. Obyekt ertəsi gün işə salınıb.
Soltanov sentyabrın 1-də səhər Praqada keçirilən "Globsec" təhlükəsizlik konfransı çərçivəsində AzadlıqRadiosuna danışıb.
Radionun müxbiri Endi Heyl yazır ki, nazir müavini əvvəlcə hansı böhrandan söhbət getdiyini anlamayıb. 36 saat qabaq Ermənistanda baş verənləri öyrənincə, "Gerçəkdənmi? Bilmirdim. Aman Allah", – sözlərini dilə gətirib.
Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitindən danışan Soltanov Ermənistanın Bakının tədbirə ev sahibliyi etməsinə vetonu qaldırılması ilə nəticələnən qarşılıqlı dəstəkdən danışıb.
O, iqlim dəyişikliyi ilə mübarizədə nüvə texnologiyasının və onun təhlükəsizliyinin vacibliyini qeyd edib.
"Çünki Ermənistanın hazırda istifadə etdiyi müəyyən texnologiyalarla nə baş verdiyini bilirik", – o əlavə edib.
Ermənistanın yeganə atom elektrik stansiyası paytaxt Yerevanın 36, Azərbaycan ərazisinin isə 100 km-dən də az məsafədə yerləşir.
"Metsamor"un dizayn olunduğu texnologiyanın zəlzələyə davamlılığı məhduddur. Region isə yüksək seysmik zonada yerləşir.
AES-in hər iki reaktoru 1990-cı illərin sonlarında bağlanıb, 1995-ci ildə enerjiyə tələbat artanda yenidən açılıb.