Sarkisyanın getməsi Qarabağ danışıqlarını asanlaşdıracaqmı?

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın hakimiyyəti Qarabağa nə vəd edir?

Qarabağ döyüşlərinin əsas qəhrəmanlarından Serj Sarkisyanın Ermənistanda hakimiyyətdən birdəfəlik kənarlaşması, bu ölkədə hakimiyyətə tamamilə yeni qüvvələrin gəlişi Qarabağ danışıqlarına nə vəd edir?

Bakıda bizim söhbət etdiyimiz ekspertlərin əksəriyyəti bildirir ki, Sarkisiyanı hakimiyyətdən uzaqlaşdıran etiraz aksiyalarının lideri Nikol Paşinyandan ciddi güzəştlər gözləməyinə dəyməz.

İXTİŞAŞLARIN LİDERİ NİKOL PAŞİNYANIN DAĞLIQ QARABAĞLA BAĞLI FİKİRLƏRİ...

Politoloq Zərdüşt Əlizadə Paşinyanın indiyə qədər Qarabağla bağlı çıxışlarına diqqət çəkərək deyir ki, proseslərdə hər hansı ciddi dəyişiklik gözləmir:

“Nümayişlərin lideri Nikol Pashinian öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, biz Rusiyaya qarşı deyilik və Rusiya ilə Ermənistan mütəffiq dövlətlərdir, belə də qalacaq. O erməni xalqının fərqli, qüdrətli olduğunu göstərmək üçün durmadan deyirdi ki, biz Qarabağda qələbə qazanmışıq”.

Ermənistan mediasının yazdığına görə Nikol Pashinian 2016-cı ilin aprel döyüşlərini Azərbaycanın Qarabağı ələ keçirmək üçün uğursuz planı adlandırır. O, yeganə istəyinin Ermənistan və Qarabağın maraqlarını qorumaq olduğunu vurğulayır.

"HƏLƏ HAKİMİYYƏTƏ KİMİN GƏLƏCƏYİ BƏLLİ DEYİL"

Ermənistandan olan ekspert, Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian isə hələki son hadisələrin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirlərindən danışmağa tələsmir. O bildirir ki, son proseslərin görünən uğuru odur ki, Sarkisyan hər hansı güc işlətmədən istefa verdi. Amma indi əsas sual odur ki, onun yerinə hakimiyyətə kim gəlir? Bu sualın cavabını bildikdən sonra son proseslərin Dağlıq Qarabağ münaqişəsinə təsirindən danışmaq olar:

“Prezident İlham Əliyevlə danışıqları kim aparacaq? Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını kimin aparacığından əmin deyilik. Bu, Rusiyadan göndərilən Gazprom rəsmisi, hazırda baş naziri əvəz edən Karen Karapetyanmı olacaq? Əgər o olacaqsa deməli, sülh danışıqlarında Rusiyanın əlinə daha çox imkanlar verəcək. Yoxsa, bu müxalifətdən Nikol Paşinyanmı olacaq? Paşiyanın da təcrübəsi azdır. Bu, da danışıqlar proesinin həm xeyrinə ola bilər, həm ziyanına”.

Richard Giragosyan bildirir ki, aprelin 25-də Ermənistan iqtidari və müxalifətinin görüşü keçiriləcək. Müxalifətin tələbi odur ki, növbədənkənar parlament seçkiləri keçirilsin. Bundan sonra parlament yeni baş naziri təyin etsin.

ATƏT-İN MİNSK QRUPUNUN BƏYANATI

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacızadə də aprelin 24-də verdiyi açıqlamada Bakının Ermənistanda Qarabağ münaqişəsinin həllinə konstruktiv yanaşan, sağlam güclərlə danışıqlara hazır olduğunu deyib. O, Turan informasiya agentliyinə müsahibəsində həmçinin əlavə edib ki, son günlər cəbhə bölgəsinə Azərbaycanın hərbi texnika yerləşdirməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Təmas xəttində durumun gərginləşmə ehtimalı ilə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri də aprelin 23-də bəyanat yayıblar. Həmsədrlər tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, xüsusilə də ağır texnikanı cəbhə xəttindən uzaqda saxlamağa çağırırlar.

RASİM MUSABƏYOV: HƏLƏ BİR MÜDDƏT HAKİMİYYƏTDƏ BOŞLUQ OLACAQ

Bakıdan Millət vəkili, politoloq Rasim Musabəyov da danışıqlarda ciddi bir dəyişiklik gözləmir:

“Çünki Nikol Paşinyan Levon Ter-Petrosyana dəstək verənlərdən biri olub. Levon Ter-Petrosyan da dəfələrlə bildirib ki, Ermənistanı dalandan çıxarmağın yolu, nə islahat, nə inqilab deyil. Yeganə yol Azərbaycana güzəştlərlə Dağlıq Qarabağ münaqişəsinin həllindən, Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməkdən keçir. Amma böyük ehtimalla hələki bir müddət hakimiyyətdə boşluq olacaq, danışıqlardan yayınmaq müşahidə ediləcək”.

Bəs, Bakı sakinləri bu barədə nə düşünürlər. AzadlıqRadiosu soruşub ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsinə necə təsir edə bilər?

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağa necə təsir edə bilər?

Qafqazdakı prosesləri yaxından izləyən Vaşinqtondakı Carnegie Fondunun təhlilçisi, «Qara bağ» kitabının müəllifi Thomas De Waal da Ermənistanda qəfil hakimiyyət dəyişikliyindən təəccübləndiyini deyir.

O, AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Ermənistanda qısa zamanda ciddi dəyişikləri gözləmir. Onun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsinin həllinə də yol aça bilər.