“Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur. Əgər Serzh Sarkisian və Robert Koçaryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq. Haaqa tribunalı da onlar üçün azdır”.
Bu sözləri Bakıya səfər edən Ermənistandan olan hüquq müdafiəçisi Suzanna Çaqinyan noyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirib.
Buna da bax: Putinlə Sarkisian məhz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
APA-nın xəbərinə görə, hüquq müdafiəçisi Bakıdan Ermənistana qayıdacağını deyib.
“Ermənistanda hakimiyyəti zəbt etmiş Serzh Sarkisian rejiminə qarşı mübarizə aparan hər kəs təzyiqlərlə üz-üzə qalıb. Serzh Sarkisiana belə vəziyyət sərf edir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib. Bundan başqa heç nə bəxş etməyib. Yalnız Serzh Sarkisian kimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər”, deyən hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtının çatdığını ifadə edib.
“Artıq münaqişənin sülh yolu ilə həllinin zamanı çatıb. Qarabağda erməni və azərbaycanlı gənclərin ölməsi faciədir. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Nəhayət, bu münaqişəyə son qoyulsun. Mən bilirəm ki, Ermənistan hakimiyyəti bu münaqişənin həllini istəmir. Serzh Sarkisian istefa verməlidir. Mənim bu gün burada olmağım Serzh Sarkisianın siyasəti ilə əlaqədardır. Serzh Sarkisian erməni xalqını talan edir. Serzh Sarkisian prezident yox, işğalçıdır”.
Buna da bax: Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar
Hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədi ilə noyabrın 8-də Azərbaycana gəlib.
Konfransın işində Suzanna Çaqinyandan başqa erməni publisist, yazıçı Vahe Avetian və təqiblərə məruz qaldığını səbəb göstərərək ailəsi ilə birgə Ermənistandan qaçan Vahan Martirosian da iştirak ediblər.
Buna da bax: Elmar Məmmədyarov: 'Ermənistan pozucu siyasət yürüdür'
Onlara Ermənistanda münasibət əsasən mənfidir. Ermənistan mediası onların heç də təqdim edildikləri kimi tanınmış ictimai xadim olmadıqlarını iddia edir. Ermənistanda habelə, iddialar var ki, onlar münasibətlərinin pozulduğu Ermənistan hökumətindən Bakıya səfərləri, azərbaycanlılarla görüşləri vasitəsilə "qisas alırlar". Amma V.Martirosian, V.Avetian və Suzanna Çaqinyan bu iddiaları rədd edirlər.
Konfrans noyabrın 8-də keçirilib.