Ermənistanda dövlət çevrilişi, yoxsa güc nümayişi?

Ermənistanda polisə silahlı basqın edənlər nə istəyir?- [fotolar]

-

«Ermənistan avtoritar ölkədir. Bu ölkədə azad məhkəmə, azad hüquq sistemi yoxdur, ümumiyyətlə, azadlıq yoxdur. Ona görə də imkan düşən kimi hədəyə, təhqirə əl atırlar».

Politoloq Zərdüşt Əlizadə iyulun 17-də Ermənistanda baş verən hadisələri şərh edərkən belə deyir. Politoloqun fikrincə, baş verənləri dövlət çevrilişinə cəhd saymaq olmaz:

«Çünki dövlət çevrilişi fərqli zümrələr arasında olur. Bunu törədənlər isə eyni siyasi zümrənin yolçularıdır».

«Sarkisian-ın marağındadır»

Millət vəkili Rasim Musabəyovun da fikrincə, baş verənləri çevriliş saymaq olmaz:

«Bu, ermənilərə xas davranışdır. Ermənistanda əvvəllər də silahlı hücumlar, terror aktları olub. İndi də mümkündür. Bu, terrorçu davranışa oxşayır. Bu güclə dövlət çevrilişi etmək olmaz».

Buna da bax: Rusiyadan HİV, İrandan narkotika

Rasim Musabəyov deyir ki, bu cür hadisələrin baş verməsində Ermənistan iqtidarı da maraqlıdır:

«Ermənistan iqtidarı bununla göstərmək istəyər ki, bu cür reaksiyalarla üzləşdiklərindən güzəştə gedə bilmirlər. Bu gün Yerevanda baş verənlər əslində dövlətin zəifliyini göstəricisidir».

Səhra komandirləri fəallaşıb

«Virtual Azərbaycan» saytının şərhçisi Fərhad Məmmədov diqqəti aprel döyüşlərindən sonra keçmiş səhra komandirlərinin fəallaşmasına çəkir. Onun fikrincə, baş verənlər həm də gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri qabağıgüc nümayişi kimi qiymətləndirilə bilər:

«Keçmiş səhra komandirləri inanırlar ki, guya prezident Sarkisian ərazilərin qaytarılması ilə bağlı danışıqlar aparır. Sarkisian, Jerar Sefilyan başda olmaqla, keçmiş səhra komandirlərindən bir neçəsini həbs elədi. Çünki onlar Ermənistan hakimiyyətinə təhdiddir. Onların həm Qarabağda, həm də Ermənistanın özündə resursları var. Keçmiş səhra komandirlərinin arxasında isə keçmiş prezident Robert Kocharian dayanır. Həm də gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Onlar Qarabağ kartından istifadə edib fəallaşıblar».

«Danışıqlar prosesinə təsir göstərə bilər»

Fərhad Məmmədov deyir ki, bundan sonra Ermənistanda siyasi proseslər gərginləşə bilər:

«Bu qrupların həm silahlara çıxış imkanları, həm Qarabağda müəyyən dayaqları var. Seçkilər yaxınlaşdıqca onlar Sarkisian hakimiyyətinə problem yarada bilərlər. Hadisələr dramatikləşsə, bu, danışıqlar prosesinə də təsir edəcək. Çünki 1999-cu ildə Qarabağ danışıqlarında həlledici məqam yaranan kimiErmənistanda parlamentin gülləbaran edilməsi yadımızdadır».

İyulun 17-də səhər Yerevanda bir qrup müxalif silahlı şəxs Erebuni rayon polis idarəsinə hücum edib. Bir polis öldürülüb, yaralılar və girov götürülənlər var. Hücum edənlər keçmiş səhra komandiri, hazırda həbsdə olan Jerar Sefilyana azadlıq tələb edirlər.