Zohrab Mnatsakanyan: “Ermənistan danışıqları dalana salan heç nə etməyəcək”

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan

“Ermənistan və Azərbaycan, baş nazir Nikol Pashinianla Azərbaycan prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün yerini və vaxtını eyni zamanda elan edəcəklər”.

Bunu martın 15-də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

O əlavə edib ki, belə bir elanın vaxtı hələ çatmayıb:

“Bizim bu görüş, onun vaxtı və sair barədə eyni vaxtda və razılaşdırılmış şəkildə elan verməmiz qarşılıqlı hörmət məsələsidir”.

Azatutyun radiosunun “bu danışıqlar masasının üstündə Madrid prinsipləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin haqqında danışdıqları 6 element də varmı” sualına cavab olaraq Mnatsakanyan deyib ki, danışıqlar Nikol Pashinianın Dağlıq Qarabağda keçirdiyi birgə iclasda təqdim etdiyi gündəlik üzrə aparılacaq.

Üç prinspin iki təfsiri

Gözlənilən Əliyev-Pashinian görüşünün ərəfəsində həmsədrlərin yaydığı bəyanatda deyilirdi ki, münaqişənin ədalətli və uzunmüddətli tənzimlənməsi Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu sənəddə gücdən istifadə və ya onunla hədələmənin qəbuledilməzliyi, ərazi bütövlüyünün təminatı, bərabərlik və xalqların öz müqəddəratını müəyyən etmək hüququ nəzərdə tutulur.

Azatutyun yazır ki, “bura həm də əlavə elementlər, yəni həmsədr ölkə başçılarının 2009-2012-ci illər arasında verdikləri təkliflər daxildir. Bu isə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakıərazilərinin qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsinin təmin olunması şərtilə aralıq statusu, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin təminatı və Dağlıq Qarabağın yekun statusunun iradə ifadəsi ilə müəyyənləşdirilməsi, daxili qaçqınların və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması, habelə sülhməramlı əməliyyatı da nəzərdə tutan beynəlxalq təhlükəsizlik qarantiyasının verilməsi elementləridir”.

Azatutyun yazır ki, Nikol Pashinian həmsədrlərin son bəyanatından sonra belə bir sual qoyub:

“Ermənistan hökuməti ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdikləri üç prinsip və altı elementi danışıqlar prosesinin əsası kimi qəbul edirmi? Bu doğrudan da ciddi sualdır, amma bu sualın cavabında bizə ciddi izahatlar lazımdır. Bu prinsiplər praktikada nə deməkdir və onları interpretasiya etmək kimin səlahiyyətindədir? Bu vacibdir, çünki bu prinsiplərin Azərbaycan tərəfindən verilən təfsiri bizim üçün qeyri-məqbuldur”.

Buna da bax: Qarabağda nə baş verir?

Azatutyunun yazdığına görə daha sonra Ermənistanın xarici işlər naziri deyib ki, erməni tərəfi bu danışıqlara baş nazirin Dağlıq Qarabağda səsləndirdiyi gündəliklə gedir:

“Biz deyirik ki, bu məsələdə bizim suallarımız var. Siz üç prinsipi və altı elementi deyirsiniz. Artıq formalaşmış danışıq çərçivələri var – bunlar üç prinsp və altı elementdir. Yadınızdadırsa, baş nazir çox dəqiq qeyd etmişdi ki, mühüm məsələlərdən biri də bunların necə interpretasiya olunması və necə qavranmasıdır. Biz bununla əlaqədar aydın bəyanat vermişik ki, Ermənistan üçün prioritet olan status və təhlükəsizlik məsələləridir...”

“Dağlıq Qarabağ münaqişəsinin 150 min konkret insana aidiyyəti var”

Azatutyunun bildirdiyinə görə Qarabağ tərəfinin “köhnə prinsiplərdən imtina etməyin vaxtıdır və yeni realist təkliflər zəruridir” bəyanatını şərh edərkən Mnatsakanyan deyib ki, “Qarabağ və Ermənistan fərqli vahidlərdir, amma Ermənistan sülh prosesindəki rolundan heç vaxt imtina etməyib və etməyəcək və Ermənistan Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalır”.

Ermənistan naziri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin 150 min konkret insana aidiyyəti var.

Azatutyun yazır ki, Manatsakanyan, Bakının “Ermənistanın danışıqlar formatını dəyişdirmək cəhdləri bu danışıqları dalana salacaq” bəyanatına münasibəti barədə suala cavab olaraq “erməni tərəfi dalana gətirib çıxaracaq heç nə etməyəcək” cavabını verib.

“Çünki biz sülh prosesinə sadiq qalırıq. Bu çox mühüm məsələdir. Biz bu istiqamətdə qətiyyətlə hərəkət edəcəyik. Burada söhbət çox konkret, praqmatik və prinsipial bir məsələnin qəbulundan gedir ki, bu da Dağlıq Qarabağın həlledici səsə və iştiraka malik olmasıdır. Bu ön şərt deyil, bu elə bir məsələdir ki, onu görməməzliyə vurmaq olmaz və bu, danışıqlar tərəfi kimi bizim öhdəliyimizi ləğv etmir”.

Buna da bax: Qarabağda ‘hər iki erməni tərəfinin’ birgə bəyanatı verilib

Bundan bir gün əvvəl, martın 14-də Azərbaycan prezidenti İlham Əliyev martın 14-də “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumunun açılışında etdiyi nitqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdi ki, danışıqların mövcud formatını dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi qiymətləndirir:

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident Əliyev vurğulamışdı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Ermənistan baş naziri Nikol Paşinyan bundan əvvəl Dağlıq Qarabağın da danışıqlara tərəf kimi qatılmasını təklif etmişdi.

Buna da bax: Azərbaycan XİN : ‘Ərazi bütövlüyü müzakirə obyekti ola bilməz’

Azərbaycan tərəfi isə bunu qəbul etmir, Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır.

Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.

Mövcud danışıqlar formatının dəyişdirilməsinin yolverilməzliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında da xüsusi vurğulanmışdı.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-c ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir.

Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.