Ermənistan XİN öz saytındakı Qarabağ səhifəsini bloklayıb

Azatutyun yazır ki, Ermənistan XİN-in saytındakı Qarabağ səhifəsinə giriş fevralın 12-dən bloklanıb

Ermənistanın Xarici İşlər Nazirliyi rəsmi saytında Qarabağ münaqişəsi barədə məlumat verən səhifəni bloklayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, ötən həftə Azərbaycanın yüksək vəzifəli rəsmilərindən biri Ermənistan XİN-in saytında belə bir səhifənin olmasından gileylənmişdi.

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, Ermənistan XİN-in saytında və başqa sənədlərdə Qarabağın Ermənistanın tərkib hissəsi kimi göstərilməsi Ermənistanın Azərbayacana qarşı davam edən ərazi iddialarından xəbər verir:

"Biz Ermənistan tərəfinin diqqətinə bu faktları danışıqlar və mübadilələr zamanı dəfələrlə çatdırmışıq. Ermənistan bununla razılaşsa da, əməldə heç bir dəyişiklik baş verməyib. Əgər onlar, belə demək mümkündürsə, badalaq gəlməyə çalışırlarsa, bütün günahı bizim üstümüzə atmaq istəyirlərsə və ürəklərində bizə qarşı ərazi iddiaları saxlayırlarsa, onda əlbəttə belə olmayacaq”.

Ermənistan tərəfi də Azərbaycanın bu narahatlığını qəbul etdiyini, Yerevanın da Bakıya buna bənzər iradlarının olduğunu bildirmişdi.

Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, bu barədə tərəflər arasında mütləq müzakirələr olacaq.

Azatutyun yazır ki, Ermənistan XİN-in saytındakı Qarabağ səhifəsinə giriş fevralın 12-dən bloklanıb.

Bu da qeyd olunur ki, Ermənistan XİN bunun Azərbaycanın təzyiqi altında edildiyinə dair suala cavab verməyib.

Nazirliyin sözüçü Ani Badalyan deyib ki, səhifə saytdan çıxarılmayıb və “zamanında” yenidən bəırpa ediləcək.

Buna da bax: KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək sayır

Bundan əvvəl

Azatutyun yazır ki, Ermənistan hökuməti, baş nazir Nikol Paşinyan ötən ilin mayında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsindən sonra Qarabağın öz müqəddəratını təyin etməsi hüququ məsələsinə toxunmur.

Paşinyanın opponentləri inanırlar ki, Paşinyanın məhz bu bəyanatı Azərbaycanın ötən sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyata yol açıb.

Bu əməliyyat nəticəsində Bakının Qarabağ üzərində suverenliyi tam bərpa olunub.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Beləliklə də baş nazir Ermənistana yeni konstutusiya lazım olmasına dair bundan əvvəl verdiyi bəyanatı bir daha təsdiqləyib.

Buna da bax: 'Rusiya hərbçilərinin qalması səbəbindən sərhəddə daim toqquşmalar ola bilər'

İlham Əliyevin tələbləri

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Ermənistan müxalifəti Əliyevin bu bəyanatı verməsini Paşinyanın Azərbaycanın təzyiqi altında 1990-cı il Müstəqillik aktını ləğv etmək niyyətində olmasının sübutu adlandırıb.

Müxalifət bəyan edir ki, Ermənistanın güzəştləri Azərbaycanın “təcavüzünü” dayandırmayacaq.

Müxalifətin sözlərinə görə İlham Əliyev Ermənistanın başqa hissələrinin də “tarixi Azərbaycan torpaqları” olmasına dair vaxtaşırı bəyanatlar verir.

Azərbaycan prezidenti Naxçıvana Ermənistandan keçən və onun yurisdiksiyasında olmayan dəhlizin verilməsinə dair tələblərini təkrar dilə gətirib.

Avropa İttifaqı və Ermənsitan bu bəyanatları Ermənistan ərazilərinə iddialar kimi qiymətləndirir.

Buna da bax: Paşinyan erkən seçkiyə gedə bilərmi?

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.