Ermənistanın baş naziri iki həftə öncə verdiyi qalmaqallı bəyanatda aprel döyüşləri zamanı hərbi texnikanın yanacağın keyfiyyətsizliyi səbəbindən işləmədiyini demişdi. Baş nazir hökumətin martın 16-dakı iclasında yenidən neft məhsullarının keyfiyyətsizliyindən danışıb. O qeyd edib ki, hökumətin araşdırması benzin və dizel yanacağının keyfiyyətində problemlər aşkarlayıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti yazır.
Karen Karapetian budəfəki çıxışında benzin və dizel yanacağının satışında da pozuntuların qeydə alındığını deyib. «Göstərilən problem çox zaman yanacaq növlərinin dəqiq müəyyən olunmaması və praktikada mövcud bəzi boşluqlarla bağlıdır. Bunun nəticəsində istehlakçılara və bazara ciddi ziyan vurulur», – deyə baş nazir bildirib.
«ŞÜBHƏLƏNİRİK Kİ, YANACAQ KEROSİNLƏ QARIŞDIRILIR»
Baş nazir iqtisadi inkişaf və investisiyalar nazirinə benzin, dizel yanacağı və başqa yanacaq növlərinin satışında pozuntuların önlənməsi, habelə keyfiyyətə nəzarət funksiyalarının effektiv gerçəkləşdirilməsi məqsədilə bir ay müddətində hökumətə yanacaq növləri və onların dəqiq bölgüsünə dair sənədləri təqdim etməyi tapşırıb.
Baş nazirin sözlərinə görə, dövlət gəlirləri komitəsi ilə birlikdə bu sahədə mövcud problemlərin qarşısının alınması metodologiyasının işlənib hazırlanması vacibdir.
Martın 1-də Ermənistan parlamentində müxalifətdən olan deputat Nikol Pashinian-ın sualına cavab verərkən baş nazir qalmaqallı iddia səsləndirmişdi: «Biz şübhələnirik ki, istilik sistemlərində istifadə olunan yanacaq kerosinlə qarışdırılır və bazara keyfiyyətsiz neft məhsulları çıxarılır. Sizin çox yaxşı yadınızdadır, aprel hadisələri zamanı hərbi texnikanın məhz bu səbəbdən işləmədiyi çoxlu hal var idi», – Karapetian deyib.
Hökumətin dünənki iclasından sonra isə iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan baş nazirin son göstərişinin onun iki həftə öncəki bəyanatı ilə bağlı olduğunu bildirib. «Təbii ki, bunlar bir-biri ilə əlaqəlidir. Baş nazir göstəriş verib ki, məsələni araşdıraq və təkliflərimizi hökumətə təqdim edək», – deyə o bildirib.
YARI BÖLÜNMÜŞ BAZAR
İqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komissiyasının məlumatına görə, 2011-2015-ci illərdə Ermənistanda benzinin idxalı və ilkin bazarda satışıyla yalnız iki şirkət məşğul olub. «Flash» və CPS şirkətləri bazarı, demək olar ki, yarı bölüblər. 2016-cı ildə bazarın 59%-i «Flash» şirkətinə, 34%-i isə CPS-ə aid olub. «Max Petrol Group» isə bazarın 7%-nə nəzarət edib.
KİV dəfələrlə «Flash»in sahibi Barseg Beglarian-ın ölkənin yüksək hakimiyyəti ilə yaxın əlaqələrindən yazıb. 2014-cü ilin oktyabrında mətbuatda prezident Serzh Sarkisian-ın xanımı Rita Sarkisian-ın Beglarian-ın oğlunun toyunda onunla birlikdə çəkilmiş şəkli dərc edilmişdi.
Jurnalistlərin «deməli, «Flash» və CPS uzun illər ərzində ölkəyə keyfiyyətsiz neft məhsulları idxal edib» sualına Suren Karayan belə cavab verib: «Dərhal irəli sürdüyünüz iddiayla razı deyiləm. Biz pərakəndə bazarda yoxlama aparacağıq».
RƏSMİLƏR İNKAR EDİR
İqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komissiyasının məlumatına görə, «Flash» və CPS şirkətləri pərakəndə bazarda da aparıcı mövqe tuturlar.
Maraqlıdır ki, Müdafiə Nazirliyi iki həftəlik sükutdan sonra baş nazirin bəyanatına cavab olaraq bildirib ki, 2016-cı il də daxil olmaqla, keyfiyyətsiz yanacaq səbəbindən hərbi texnikanın işində qüsurların yaranması halları qeydə alınmayıb.
Baş nazirin sözlərini, faktiki olaraq, hətta Milli Təhlükəsizlik Şurasının katibi, keçmiş baş qərargah rəisi Yury Khachaturov və respublika prezidentinin baş hərbi müfəttişi Mikael Harutunian da inkar edib.
Baş nazirsə buna qısa cavab verib: «İnkar edirlər, ancaq siz mənim cavabıma baxın».