Ermənistanın yeni müdafiə naziri Moskvadadır

Vigen Sargsian

Ermənistanın müdafiə naziri Vigen Sarkisian ilk xarici səfərini bazar günü Moskvaya edib.

O, “İzvestiya” qəzetinə müsahibəsində deyib ki, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə görüş də daxil olmaqla bir sıra tədbir və görüşlər nəzərdə tutulur.

Nazirin sözlərinə görə, səfər zamanı Ermənistanda birgə hərbi qruplaşmalarla bağlı dövlətlərarası razılaşma, həmçinin 2017-ci ildə müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq.

Nazir qeyd edib ki, birgə hərbi qruplaşamalar əslində Ermənistanda hələ 2000-ci ildən fəaliyyətdədir və həmin il sentyabrın 27-də Soçidə imzalanmış razılaşma buna hüquqi əsas verir.

O ki, qaldı indi imzalanacaq razılaşmaya, bu hərbi qruplaşmaların fəaliyyətini faktiki normativ-hüquqi əsasda möhkəmləndirəcək.

Nazirin sözlərinə görə, bundan başqa sənəddə fəaliyyət, məqsəd və qruplaşmaların maliyyələşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sarkisian qeyd edib ki, bu qruplaşmaların məhz Ermənistan ərazisində yerləşdirilməsi Yerevan üçün çox vacibdir və əsas məqsəd hər iki ölkəyə silahlı hücum planlaşdırılmasının üstünü vaxtında açmaqdır.

Vigen Sarkisian noyabrın 30-da MDB ölkələri müdafiə nazirləri şurasının iclasına da qatılacaq.