Paşinyan 'Gazprom-Ermənistan' şirkətini hədələyir

Gazprom-Ermənistan şirkətinin Yerevandakı ofisi

“Vətəndaş müqaviləsi” partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan iyunun 16-da Sünik vilayətinin Qorayk kəndində keçirdiyi seçki kampaniyası barədə danışıb.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Paşinyanın sözlərinə görə, onun seçicilərlə görüşləri uğurlu olub və müəyyən mənada Ermənistandakı siyasi vəziyyəti dəyişib.

Paşinyan habelə Zəngəzurdakı Mis-Molibden Kombinatının rəislərini hədələyib.

O deyib ki, bu adamların vəzifələrini itirməsinə “cəmi 1 ay” qalır.

Buna da bax: Paşinyanın qələbəsi Azərbaycana sərf edirmi – Qərb mediası

“Qoy özləri asfalta uzansınlar...”

Baş nazir əvəzinin sözlərinə görə, onda bu müəssisəsinin rəhbərinin öz işçilərinə hakim partiyanın mitinq və yığıncaqlarında iştirak etməyi qadağan etməsinə dair məlumat var.

Azatutyun qeyd edir ki, bu zavodun direktorlar şurasına həm də Sünik vilayətinin keçmiş qubernatoru Vahe Akopyan daxildir. O müxalif Hayastan seçki blokunun üzvüdür.

Paşinyan Qorayk kəndində etdiyi çıxışda bu barədə demişdi:

“Mən Meğridəki, Qacarandakı, Gorusdakı və Sisyandakı sakinlərimizə vəd etmişəm ki, onlar asfaltın üstünə uzanmış məmurları öz gözləri ilə görəcəklər. Xoş məran əlaməti olaraq yalnız bunu deyə bilərəm: Mən bu məmurlara ən yaxın zamanda asfaltın mən göstərdiyim hissələrində könüllü uzanmağı, selfi çəkib bunu öz Facebook səhifələrində yerləşdirməyi məsləhət görürəm ki, biz bu məsələni milli barışıq atmosferində həll edək”.

Buna da bax: Ekspert: ‘Əsirlərin qayıtması Paşinyanın seçki qələbəsi üçün əsaslı addımdır’

Seçki rüşvətini faş edənlərə min dollar mükafat

Paşinyanın sözlərinə görə “Gazprom-Ermənistan” şirkəti rəhbərliyinin öz əməkdaşlarını mitinqlərə getməyə və müəyyən qüvvəyə səs verməyə məcbur etdiyinə dair siqnallar daxil olur:

““Gazprom Ermənistan” şirkətinin hər bir əməkdaşı bilməlidir ki, belə işlə məşğul olanlar 15 iyuladək ən azı işdən qovulacaqlar. Mən başa düşə bilmirəm, “Gazprom-Ermənistan” şirkəti Ermənistan xalqına və hökumətinə qarşı işləyə bilər? Qoy bunu heç ağıllarına da gətirməsinlər. Sizi mühakimə edəcəklər. Bir-bir. Sizin işdən qovulacağınız ümumiyyətlə müzakirə mövzusu deyil. Amma sizi mühakimə edəcəklər, qrupla, dəstə ilə mühakimə edəcəklər”.

Paşinyan Cermuk şəhərində etdiyi çıxışında deyib ki, “Vətəndaş müqaviləsi” partiyası seçki rüşvətinin paylanmasını göstərən videoları çəkənlərə 500 min dram (1000 dollar) mükafat verəcək.

Buna da bax: Ter-Petrosyan: ‘Daha Ermənistanın Qarabağ barədə rəyini soruşan yoxdur’

Bu arada baş nazirliyə Hayastan blokundan namizəd, keçmiş prezident Robert Koçaryan Paşinyanın məmurları asfalta uzatmaq bəyanatına sərt reaksiya verib:

“İndi hakimiyyət asfaltdan danışmağı çox xoşlayır. Onlar əvvəl asfalt çəkirdilər, sonra adamları asfalta uzatmağa başladılar. Amma onlar nə qədər sıyıq yesələr də, mənim prezidentliyim dövründə çəkilən qədər asfalt çəkə bilməyəcəklər”.