Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif edir

C.Bayramov

"Azərbaycan ərazi bütövlüyünü bərpa edərək suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən yayılan xəbərə görə, bunu iyunun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında deyib.

O bildirib ki, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur: "Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var".

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan əsgərlərinin sərhəddə görünməsi erməni kəndliləri narahat edir

Nazirin sözlərinə görə, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur: "Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur...".

Delimitasiya bağlanmış müqaviləyə uyğun təsvir edilmək və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsidir. Demarkasiya isə müəyyən əraziləri, sahələri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırma hesab edilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?

Xatırlatma

Son aylar bu iki ölkə arasında sərhədin dəqiqləşdirilməsi ilə bağlı gərginlik yaranıb. Əslində bu gərginlik daha çox Qarabağ münaqişəsi ilə bağlıdır. Bu münaqişə müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.