Ermənistanda 9 may və ‘Şuşanın azad edilməsi’ günü kütləvi tədbirlər olmayacaq

Şuşa

Ermənsitandan verilən xəbərlərdə deyilir ki, mayın 9-da paytaxt Yerevada Qələbə parkına və Yerablur hərbi panteonuna gedən bütün yollar bağlanacaq.

Bu da bildirilir ki, bu tədbir sakinlərin Qələbə günü tədbirlərinə qatılmasının qarşısının alınması üçün həyata keçirilir.

CurrentTime yazır ki, həmin gün Axtanak parkına gedən yolların da bağlı olacağı xəbər verilib.

Ölkə polisi bildirib ki, bütün bu tədbirlərdən məqsəd ölkədə koronavirusun daha da yayılmasının qarşısını almaqdır.

Ermənistanda mayın 9-da Böyük Vətən Müharibəsində Qələbə ilə yanaşı hər il “Dağlıq Qarabağ özünümüdafiə ordusu” və “Şuşanın azad edilməsi” günləri də bayram edilir.

Şuşa 1992-ci il mayın 8-dən 9-a keçən gecə Ermənistan qüvvələri tərəfindən işğal edilib.

Şuşadan fotolar. Mart, 2014 (eksklüziv)

Məlumatda bildirilir ki, bu üç gün yalnız rəsmi səviyyədə qeyd ediləcək, lakin kütləvi tədbirlər keçirilməyəcək.

Polis xəbərdarlıq edib ki, qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar.

Son rəsmi məlumata görə Ermənistanda indiyədək 2782 nəfər koronavirusa yoluxub, bunlardan 47-si vəfat edib.

Ölkədə fövqəladə vəziyyət hələlik mayın 12-dək uzadılıb.

Keçmiş SSRİ məkanında 9 may gününü parad və nümayişlə yalnız Belarus qeyd edəcək.

Qazaxıstanda hakimiyyət paytaxt Nur-Sultanda ənənəvi atəşfəşanlığın olmayacağını elan edib. Əvəzində sakinlərə balkonlarına çıxıb fonar yandırmaq təklif olunub.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu bu vaxta qədər münaqişə ilə bağlı əsasən 3 plan təklif edib.Mərhələli, paket ( işğal edilmiş ərazilər və status məsələsinə eyni vaxtda baxmaq) və ümumi dövlət modelini təklif edib.Hələlik, bu planların heç biri qəbul edilməyib.