V.Məhərrəmli: 'Dövlət başçısı situasiyanı şərh edəcək məlumata malik deyil'

Vahid Məhərrəmli

«Dövlət başçısı demək olar ki, bütün müşavirələrdə deyir ki, ölkə əhalisinin ət, toyuq məhsulları ilə tələbatı 100 faiz daxili imkanlar hesabına təmin olunur. Amma onun dediyi rəqəmlər reallığa uyğun deyil».

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bunu sentyabrın 3-də Lənkəranda prezidentin çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı müşavirədəki çıxışına münasibət bildirərkən deyib.

***Buna da bax-Prezident: 'İşləmək istəyən özü üçün iş tapar'

Ekspert vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə, hər bir insan ildə 84 kiloqram ət istehlak etməlidir. Azərbaycanda isə ildə 300 min ton ət istehsal edilir. Bu da adambaşına 30 kiloqram ət istehlakı deməkdir.

V.Məhərrəmli deyir ki, reallıqda ölkə daxili istehsal hesabına ətə tələbatını təmin edə bilmir. Onun bildirməsinə görə, yumurta, toyuq istehsalında da vəziyyət belədir:

«Buğdaya gəlincə, ölkədə çörək bişirilməsi, əsasən, idxal buğdasından asılıdır. Bu da onu deməyə əsas verir ki, dövlət başçısı bu sahədə situasiyanı şərh edəcək məlumata malik deyil».

Natiq Cəfərli

NATİQ CƏFƏRLİ: «ƏT İDXALI İKİ DƏFƏ ARTIB»

Prezidentin dediklərinə iqtisadçı Natiq Cəfərli də münasibət bildirib:

«2016-cı il yanvar-iyul ayları ölkəyə gətirilən ətin miqdarı – 14.5 min ton, dəyəri - 17,6 mln. dollar. 2017-ci il yanvar-iyul ayları ölkəyə idxal olunun ətin miqdarı – 26.1 min ton, dəyəri – 39.3 mln. dollar. Yəni, keçən ilə nisbətən ölkəyə ət idxalı iki dəfə, buna baxmayaraq, ət qiymətləri isə 15-20 faiz artıb».

***Buna da bax-Prezident: '7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq'

Dünən, sentyabrın 3-də prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı respublika müşavirəsi keçirilib. Ölkə başçısı deyib ki, Azərbaycan ətə olan tələbatını 100 faiz daxili imkanlar hesabına ödəyir.

«Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur... Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı...», - deyə o vurğulayıb.