Reuters: Exxon və Chevron şirkətləri Azərbaycandakı paylarını satışa çıxarır

Exxon Mobil və Chevron neft şirkətlərinin Azərbaycanın ən böyük neft yatağındakı paylarını satmaq niyyətində olduğu xəbər verilir.

Reuters agentliyi yazır ki, Azərbaycanda 25 il işlədikdən sonra bu şirkətlər əsas fəaliyyətlərini Birləşmiş Ştatlara yönəltmək istəyirlər.

Exxon Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı 6,8 faizlik payını 2 milyard dollara satacağına ümid edir.

Onun rəqibi olan Chevron Reuters agentliyinə bildirib ki, özünün AŞG-dəki 9, 57 faizlik və Bakı-Ceyhan-Tbilisi (BTC) kəmərindəki 8,9 faizlik payının satışı prosesinə başlayır.

Satışın səbəbləri barədə suala cavab olaraq Exxon sözçüsü Julie King deyib ki, şirkət “bazar şayiələrinə” şərh vermir.

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın sözçüsü isə deyib ki, bu barədə suallar bilavasitə Exxon-a verilməlidir.

Hər iki şirkətin öz paylarını satması onların Azərbaycandakı 25 illik fəaliyyətinin sonu olacaq. Exxon və Chevron Azərbaycanın müasir neft sənayesinin yaradılmasında iştirak etmiş beş ABŞ şirkəti arasında idi. Onlar sözü gedən yataqdakı və BTC kəmərindəki paylarını 1994-cü ildə almışdılar.

Bu hadisə Azərbaycan və onun partnyorları tərəfindən “əsrin kontraktı” adlandırılmışdı.

Layihənin əməliyyatçısı Britaniyanın BP şirkəti olsa da, ABŞ hökuməti ona əhəmiyyətli dəstək verirdi. Azərbaycanda işləyən digər beş ABŞ şirkəti - Exxon, Amoco, Unocal, Pennzoil və McDermott idi.

BP deyib ki, Exxon və Chevron şirkətlərinin satış planı barədə məlumata malik deyil.

AÇG layihəsi Avropanı Rusiyanın enerji asılılığından çıxaracağına bəslənən ümidlərə görə Qərbin böyük dəstəyinə malik idi. Lakin həmin ümidlər yeni, daha böyük ehtiyatların tapılmasına olan ümidlərlə birlikdə yox oldu.

Sonradan əksər ABŞ şirkətləri Azərbaycandakı paylarını satmağa başladılar. Bununla yanaşı Azərbaycan hökumətinə ABŞ-ın dəstəyi də azalmağa başladı.

Bundan başqa Azərbaycan özünün SOCAR şirkəti vasitəsilə ölkənin enerji layihələrində daha böyük nəzarətə can atmağa başlayıb.

Hazırda AÇG layihəsində BP-nin 30,4, SOCAR-ın isə 25 faizi payı var.

AÇG hazırda Azərbaycanın neft ixracatının əsas mənbəyidir. Bu yataq 2018-ci ilin birinci yarısında günə 600 min barrel neft hasil edib ki, bu da bütövlükdə ölkənin neft ixracının dörddə üç hissəsini təşkil edir.

AÇG konsorsiumunun digər üzvləri Yaponiyanın Inpex (9,3 faiz), Norveçin Equinor (7, 3 faiz), habelə daha az paya malik Türkiyənin TPAO, Yaponiyanın Itochu və Hindistanın ONGC Videsh şirkətləridir.

Exxon son illrədə əsas diqqətini Birləşmiş Ştatlardakı şist neft yataqlarının inkişaf etdirilməsinə, habelə Qayanada (Cənubi Amerika) yenicə tapılmış böyük neft yataqlarına yönəldib.