Əziz Orucova 7 il həbs istənildi

Əziz Orucov

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucova 7 il həbs cəzası istənilib. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamı müdafiə edən prokuror Ramin Nağdəliyev bu təkliflə çıxış edib.

Prokuror deyib ki, Ə.Orucova CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib. Jurnalist Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanır.

***Buna da bax-Həbsdəki jurnalist Almaniyaya sorğu göndərilməsini istəyir

Prokurorun çıxışından sonra Ə.Orucovun vəkilləri müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası müdafiəçilərə dekabrın 12-nə qədər vaxt verib.

XATIRLATMA

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

***Buna da bax-Keçmiş deputat jurnalistin məhkəməsinə getməkdən imtina edib

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.