►Faiq Əmirliyə 3 aylıq cəza kəsildi
Səməd Seyidov: “Bu dövr qurtardı!”
Son günlər iqtidara yaxın mətbuatda müxalifət liderlərinin və ya yaxınlarının gülençilikdə ittiham edən fikirlərə rast gəlmək olar. Bundan başqa, artıq AXCP sədrinin köməkçisi “Hizmet” hərəkatının imamı olmaqda təqsirli bilinir. Qarşi tərəf bunu “absurd, böhtan” sayır.
Bu məsələlərlə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla söhbət etdik. Söhbəti bəzi ixtisarla çatdırırıq:
– Mən kiminsə başqasını gülençilikdə əsassız ittiham etməsinə rastlamamışam. Hesab edirəm ki, hüquq-mühafizə orqanları öz sözlərini deyiblər, deyirlər, deyəcəklər də. Azərbaycanda əsassız ittiham qanunla qadağandır. Kimsə ittiham olunubsa, deməli, hüquq-mühafizə orqanları buna qiymət veriblər və bu istiqamətdə müvafiq işlər aparılıb. Buna əminəm... Müxalifət qanun çərçivəsində fəaliyyət göstərib mövqeyini, iradəsini ortaya qoyub xalqın rəğbətini qazanmalıdır. Ancaq müxalifətçilik adı altında dövlətə qarşı fəaliyyət göstərmək qəti qadağandır, bütün dövlətlərdə qadağandır.
– AXCP sədri Əli Kərimli hesab edir ki, onun köməkçisi şərlənərək həbs olunub. Onun dini təmayüllə, təriqətlə əlaqəsi yoxdur.
– Siz təsəvvür edə bilərsinizmi, heç bir əsassız kimisə həbs ediblər? Bu, mümkün deyil. Bu nonsensdir! Deməli, hansısa sənəd var, sübut var. Ancaq hələlik məhkəmə olmayıb, araşdırmalar gedir. Azərbaycanda heç kim heç kimi əsassız həbs edə bilməz. Bu dövr qurtardı! Ola bilməz.
– Faiq Əmirlinin maşınında tapılan kitablardan birinin redaktoru YAP Siyasi Şurasının üzvü Zahid Qaralovmuş, indiki prokurorun əmisi. Digərinə ön sözü İlham Əliyevin seçkilərdə nümayəndəsi olan Rəşad Məcid yazıb. Bəs onlar...
– (Sualı yarımçıq kəsir) Ey hörmətli jurnalistim! Siz hansısa cizgilər haqqında danışırsız, mən hansısa tendensiya. Siz deyən məsələlər hüquq-mühafizə orqanlarının işidir. Onlar professionaldır, onlar araşdıracaq ki, harda dövlətçiliyə qarşı fəaliyyət var, harda yoxdur, kim redaktordur, kim baş redaktordur, kitabdan hansı istiqamətdə, hansı formada istifadə edir... Kitabın ekspertizası da bəlli, çətin olmayan məsələdir. Mən hüquq-mühafizə orqanlarının işinə qarışmaram, ekspert deyiləm. Ancaq beynəlxalq səviyyədə işləyən insan kimi görürəm ki, dövlətə qarşı müxalifətçilikdən istifadə edib məqsədlərinə nail olmaq tendensiyası, yəni hibrid müxalifət tendensiyası gündəmə gəlir. Özü də yalnız Azərbaycanda yox. Məqsəd dövləti devirmək, sabitliyi pozmaqdır.
***
Avqustun 22-si Nəsimi Rayon Məhkəməsində «Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs qəti imkan tədbir seçilib.
Azadlıq Radiosuna verilən xəbərə görə, qapalı keçirilən prosesdə müşavirədən qayıdan hakim Şəlalə Həsənova bu barədə qərarı açıqlayıb.
Aqil Layıcov: “ Məhkəmənin qərarı siyasi sifarişdir ”
“Çox təəssüf ki, möcüzə baş vermədi. Biz müşavirənin uzun çəkməsinə görə, məhkəmədən möcüzə gözləyirdik”
Bunu avqustun 22-siNəsimi Rayon Məhkəməsinin «Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilməsi qərarını dəyərləndirən vəkil Aqil Layıcov bildirib.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarını əsasız sayırlar və bundan şikayət verəcəklər.
“Biz Faiq Əmirlinin hüquqları bərpa edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedib, şikayətimizi çatdıracağıq ”-deyə vəkil qeyd edib.
Vəkil deyib ki, ola bilsin məhkəmənin qərarı əvvəlcədən hazır imiş:
“Sadəcə ittiham tərəfinin sənədlərinin üzünü köçürüb atdılar ora. Guya bu adamın moizələri var. Faiq Əmirlini imam kimi təqdim edirlər. Guya onun moizələrinin videoları müxtəlif saytlarda gedib. Biz soruşduq ki, hansı saytlarda cavab verə bilmədilər. Biz hesab edirik ki, qərar qanunsuz və tam əsassızdır. Siyasi sifarişlə verilib”
Vəkil deyir ki, bu onun həyatda gördüyü ən gülünc ittihamdır.
“Bu necə imamdır ki, özünün bundan xəbəri yoxdur. O da bu ittihamlara gülür”-deyə vəkil vurğulayıb.
“BU ADAMLARIN FƏALİYYƏTİNDƏ QANUNAZİDD NƏSƏ VARMI?”
“Mən Türkiyədə baş verənlərdən sonra qonşu ölkədə və ya Azərbaycanda əcinnə ovuna çıxılmasına qarşıyam”.
Siyasi şərhçi Rauf Mirqədirov AXCP sədrinin köməkçisi Faiq Əmirlinin hüquq-mühafizə orqanları tərəfindən “Hizmet” hərəkatının imamı kimi qələmə verilməsindən danışarkən belə deyib.
O, Fethullah Gülen-in 3 il öncəyədək Türkiyə ictimai-siyasi-sosial həyatının tərkib hissəsi olduğunu və Türkiyə hökumətinin 3-4 il əvvələ kimi “Hizmet” hərəkatının lobbiçiliyi ilə məşğul olduğunu yada salır:
“Onlar postsovet məkanında və Azərbaycanda geniş fəaliyyətdə idilər. İstisna etmirəm ki, onlar həmin dövrdə çox sayda siyasətçi, ictimai xadimlərlə görüşüblər. O dövrdə leqal təşkilat idi və açıq fəaliyyət göstərirdilər. İndi “terror təşkilatı” adlandırırlar, amma o zaman təbliğ edirdilər”.
Mirqədirov buna görə də həmin dövrdə hansısa siyasətçinin o hərəkatın üzvləri ilə görüşməsində qanunsuz bir şey görmür. “Onlar rəsmi şəxslərlə də görüşüblər. Söhbət bu adamların fəaliyyətində qanuna zidd hərəkət olub-olmamasından getməlidir. Yoxdursa, onda Gülen-in kitablarının olması haqda danışılmamalıdır”, – Rauf Mirqədirov deyir.
ƏLİ KƏRİMLİ: «HAKİMİYYƏTİN QURAMASIDIR»
«Faiq Əmirliyə irəli sürülən ittiham absurddur. O, dini təmayüldən, təriqətdən, məsciddən uzaq adamdır. O, hər zaman «Azadlıq» qəzetindəki işləriylə məşğul olub».
AXCP sədri Əli Kərimli köməkçisi, eləcə də «Azadlıq» qəzetinin texniki direktoru Faiq Əmirliyə avqustun 22-də əlavə ittiham irəli sürülməsini bu cür dəyərləndirir.
Onun sözlərinə görə, məqsəd onu və «Azadlıq» qəzetini təzyiq altında saxlamaqdır: «Məlumatlar var ki, qəzeti də bağlaya bilərlər».
Ə.Kərimli köməkçisinin həbsini «siyasi hakimiyyətin quraması» adlandırır: «Əvvəlcə onu həbs etdilər, maşınına Fethullah Gülen-in kitablarını qoydular. Bu işdə tamam rüsvay oldular, bu kitabları maşının yük yerinə qoyanda buna xeyli adam şahid oldu və videomaterial geniş yayıldı. Qənimət Zahidin araşdırması nəticəsində bəlli oldu ki, Faiqi maşınında guya saxladığı üçün ittiham etməyə hazırlaşdıqları bu kitablardan birinin redaktoru indiki baş prokuror Zakir Qaralovun əmisi - Zahid Qaralov YAP-ın Siyasi Şurasının üzvü olub. Başqa kitaba ön sözü isə hakimiyyətə yaxın, seçkilərdə İlham Əliyevin vəkili olmuş Rəşad Məcid yazıb».
Ə.Kərimlinin qənaətincə, normal hakimiyyət «ziyanın yarısından da qayıtmaq xeyirdir» fikri ilə bu absurddan əl çəkməli idi. «Ancaq Faiq bəydən, cəmiyyətdən üzr istəmək əvəzinə ona yeni ittiham irəli sürülüb. O, 168-ci maddəylə ittiham edilir. Guya o, qanunsuz imamlıq edib, insanları hansısa məzhəb ətrafına yığıb, bu zaman da vətəndaşların hüquq və azadlıqlarını pozub. Çox absurd, ağlagəlməz ittihamdır», - AXCP sədri bildirir.
+++
Avqustun 22-si günün ikinci yarısı Nəsimi Rayon Məhkəməsində «Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin məhkəməsi başlayıb. Qapalı keçirilən prosesə hakim Şəlalə Həsənova sədrlik edir.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, bu dəqiqələrdə hakim müşavirəyə gedib. Bundan öncə dövlət ittihamçısı Faiq Əmirliyə 3 ay həbs istəyib.
İSTİNTAQ F.ƏMİRLİNİ «HİZMET» HƏRƏKATININ İMAMI KİMİ TƏQDİM EDİR
«Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli artıq təqsirkar şəxs kimi tanınır. Üstəlik, ona yeni ittiham irəli sürülüb.
Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Vəkilin deməsinə görə, F.Əmirli saxlanılarkən ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Bu gün - avqustun 22-də isə ona əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib.
A.Layıcov qeyd edib ki, F.Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir: «Nə qədər qəribə olsa da, istintaq materiallarında F.Əmirli «Hizmet» hərəkatının imamı kimi təqdim edilir . F.Əmirli özünü təqsirkar bilmədiyi üçün istintaqa hər hansı ifadə verməyib».
Vəkilin bildirməsinə görə, F.Əmirlinin sağlamlığında problemlər yaranıb. O, mədə ağrıları ilə bağlı qida qəbul edə bilmir.
Buna da bax-‘Referendumdan sonra çox ciddi proseslər baş verə bilər’
Vəkil deyir ki, F.Əmirlinin saxlanması ilə bağlı 48 saatlıq müddət avqustun 22-si saat 16:30-da başa çatır. Həmin vaxt F.Əmirlinin məhkəməsi olmalıdır.
F.Əmirlini bu il avqustun 20-də yaşadığı binanın qarşısında mülkigeyimli şəxslər saxlayıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülen-in bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və bəzi şahidlər deyirlər ki, həmin kitabları ora onun maşınına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli də deyir ki, saxlanandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.
«Hizmet» hərəkatını hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fethullah Gülen-in tərəfdarlarının yaratdıqları bildirilir.
Şahid: 'Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular'
Sizin brauzer HTML5-i dəstəkləmir