Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-də həbs olunan I qrup əlil Famil Xəlilovla bugün, mayın 28-də, 1 saylı Bakı İstintaq Təcridxanasında həyat yoldaşı Kiçikxanım Xəlilova görüşüb.
Onun deməsinə görə, həyat yoldaşının hərəkət qabiliyyəti olmayan qollarında çürümə prosesi gedir.
F.Xəlilovla deyir ki, həyat yoldaşının sözlərinə görə, o mayın 17-də həbsinə etiraz olaraq başladığı aclıq aksiyasını da dayandırıb:
"Ona vəd verilib ki, işə ədalətli baxılacaq və Famil 2 gün aclıqdan sonra aksiyanı dayandırıb".
K.Xəlilova qeyd edib ki, həyat yoldaşının səhhətində əlavə problemlər yaranıb:
"Famil evdə olanda onun qolları iflic olduğuna görə, mən ona qulluq edirdim. Əllərini yuyurdum, maz çəkirdim. İndi onu edən yoxdur. Üstəlik də o ayaq üstə dayana bilsin deyə əlləri arxadan bağlayırdıq. İndi isə əlləri bağlı olduğuna görə, əllərində çürümə başlayıb. Bunu mənə təcridxanadakı həkimlər dedi".
K.Xəlilovanın sözlərinə görə, F.Xəlilov təcridxananın tibb-sanitar hissəsində saxlanılır və bütün lazım olan dərmanlarla təchiz olunur.
Hələlik, bu açıqlamya Penitensiar Xidmətin Tibb Baş İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yaxınları F.Xəlilovun həbs edilərkən də aclıq aksiyasına başladığını, daha sonra isə aksiyanı dayandırdığını açıqlamışdılar.
Xəlilov mayın 4-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Yaxınları onun tənqidi statuslarına görə, şərləndiyini vurğulayırlar.
Amma rəsmilər bir qayda olaraq insanların ölkədə tənqidi mövqelərinə görə, əsassız yerə təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.
Buna da bax: Həbsdə olan sabiq deputata qarşı ittiham: 'Bu adam mənim atama od qoyub'Xatırlatma
Son illər Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib.
Onların yaxınları həmin şəxslərin həbsini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah edib.
Yaxınları onların həbs zamanı işgəncə ilə üzləşdiyini də açıqlayıblar. Rəsmi qurumlar bu iddiaları qəbul etməyib.
Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qəbul edilməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə müəyyən öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.