Farid Hafez: ‘İslamofobiya antimüsəlman irqçiliyidir’

Farid Hafez

Tanınmış politoloq və alim, Zalsburq Universitetinin professoru Farid Hafez AzadlıqRadiosuna müsahibə verib.

1981-ci ildə Avstriyada doğulmuş alimin başlıca tədqiqat mövzusu islamofobiya fenomenidir. O deyir ki, doğulduğu Avstriyada irqçilik və islamofobiya ilə hələ erkən yaşlarından üzləşməli olub.

Yetkin yaşlarında o Qərbdə islamofobiyanın populist partiyalar və siyasətçilər üçün necə platformaya çevrildiyini müşahidə edib. Avstriyada bu platformadan çıxış edən partiyalardan ən tanınmışı Azadlıq Partiyasıdır (FPÖ).

1492-ci il

Fərid Hafez bildirir ki, islamofobiyaya irqçilikdən tutmuş dekolonizasiyayadək ən müxtəlif bucaqlardan baxılıb. Lakin onun fikrincə hər şey 1492-ci ildən qaynaqlanır. O düşünür ki, “yəhudi və müsəlmanların Avropadan qovulması” və Avropanın “ağarması” bu tarixdən başlanıb.

Alim deyir ki, ən yeni tarixdə isə - Soyuq müharibənin qurtarması ilə keçmişdə təlimləndirilən Əfqanıstan cihadçıları Azad Dünyanın “düşmənləri” kimi damğalanıb. Dünyanın siyasi xəritəsi isə mədəniyyət və din boyunca yenidən sərhədlənib.

Buna da bax: İspaniya və Almaniyada islamofobiya halları artır

2015-ci ildən bəri Avropa İslamofobiya Hesabatını (European Islamophobia Report) dərc edən Farid Hafez “islamofobiyanın” açımını belə verir:

“İslamofobiya dedikdə biz antimüsəlman iqrçiliyini nəzərdə tuturuq”.

Lakin Hafez etiraf edir ki, bu formul islamofobiyanı tam təfsir etmir:

“Müsəlmanların və ya İslam dininin tənqidi heç də həmişə islamofobiya demək deyil. İslamofobiyanı yaradanlar öz qüvvəsini real və ya uydurma qurbanlıq keçi formalaşdırıb və bu qurbanlığı təbii ehtiyatlardan, hüquqlardan və özünün düzəltiyi “biz” anlayışından ayırmaqla bərqərar edən adamlar qrupudur. İslamofobiya statik “Müsəlman” kimliyinin quraşdırılması və ona bütün müsəlmanları ümumiləşdirən neqativ çalarların verilməsidir. Eyni zamanda İslamofobiyanın təsvirləri yayğındır və o müxtəlif kontekstlərdə çıxış edir. Çünki ümumilikdə islamofobiya bizə müsəlmanlardan və İslamdan daha çox islamofobiyanın özü barədə məlumat verir”.

Müsəlman ölkələrində İslam eyni cür deyil

AzadlıqRadiosu Farid Hafezlə söhbətində Əlcəzair yazıçısı Kamel Daoud-un adını çəkib və deyib ki, yazıçının fikrincə Əlcəzairin əsas problemi burada təməlçi İslama alternativin olmamasıdır.

Hafez bu barədə deyib ki, müsəlman cəmiyyətlərinin özündə də islamofobiya var və bütün müsəlman ölkələrini bu mənada eyniləşdirmək olmaz. Onun fikrincə, məsələn İslam Konfransı Təşkilatına daxil ölkələrdə dövlət-din münasibətləri fərqli şəkildə qurulub və şəriət qanunlarına da münasibət eyni deyil.

Farid Hafez bildirib ki, o son illərdə öz hesabatına Balkanları və Şərqi Avropa ölkələrini də daxil edir. Alim xatırladır ki, Yeni Zelandiyada müsəlmanları qətliam etmiş şəxs silahlarının üstünə serb millətçilərinin adlarını yazmışdı.

Marksist-materialist yanaşma

Hafez “bəs müsəlmanlar özləri radikalizmi kifayət qədər pisləyirlərmi” sualına cavab olaraq bildirib ki, dindən siyasi məqsədlər üçün istifadə ediləndə söhbət dinin özündən çox bu istifadənin siyasi məqsədlərindən getməlidir.

Politoloq israr edir ki, islamofobiya geniş irqçiliyin bir hissəsi kimi qiymətləndirilməlidir.

Farid Hafezin fikrincə islamofobiya avropalıları müsəlman miqrantlara qarşı qoyur

O qeyd edir ki, marksist-materialist perspektivdən iqriçilik yoxsul işçi təbəqənin burjuaziyaya tabe etdirilməsinin vasitəsidir. Lakin digər tərəfdən iqrçilikdən həm də yoxsul ağdərili işçi təbəqənin miqrant müsəlmanlara qarşı qoyulması üçün istifadə edilir:

“Mənim anlayışım belədir ki, bu cür interpretasiya müəyyən mühüm baxış bucaqları verir. Çünki antisemitizm və islamofobiya son illərdə siyasətdə və mediada qüdrətli məqamlar tutan hakim sinif tərəfindən quraşdırılaraq yayılıb”.

“Onun rəyincə “Avropa İslamı” deyilən bir anlayış varmı” sualına cavabında politoloq deyib ki, İslamın bir çox interpretasiyaları olub, var və gələcəkdə də olacaq:

“Bəzən “avropalılıq” mədəniyyətcə hegemonluq kimi başa düşülür. Digər hallarda isə bu İslamın Avropa kontekstində interpretasiyası kimi də anlaşıla bilər”.

Ekstremist cihadçılar və Avropa ifrat sağçıları

Politoloq deyir ki, cihadçilar və ekstremist cihadçılarla Avropadakı ifrat sağlar arasında bir çox ideyalar bənzərlikləri var. Bunların hər ikisi dəyişməz “kimlik” modelindən istifadə edir.

Fərid Hafezin fikrincə, bu modelin sındırılması üçün adamlara alternativ modellər nümayiş etdirilıməlidir, lakin təəssüf ki, bu modellər sadəcə olaraq intellektual müzakirələr şəklində ola bilməz.

Buna da bax: Trump müsəlmanlarla yəhudiləri birləşdirə bilib

Alimin fikrincə adamları iqtisadi, siyasi, sosial və mədəniyyət baxımından gücləndirmək lazımdır:

“Bu azadlıq insanların dar kateqoriyalarda düşünməsinə imkan verməyəcək, əksinə onların böyüməsinə, cəmiyyətlər arasında təmaslara şərait yaradacaq və onları daha geniş düşünməyə vadar edəcək”.

AzadlıqRadiosuna müsahibəsində Farid Hafez habelə radikalizm və populizm arasındakı bağdan söz açıb:

“Mən populizmə bizim siyasi sistemimizin xarakterik cəhəti kimi baxıram. Lakin ifrat sağçı populizmin bir həlledici xüsusiyyəti də var: O adamları qondarma “biz” analyışından kənarda saxlanmalı olan uydurma xortdan obrazına qarşı qoyur”.

Alim qeyd edir ki, populizmin belə forması ekstremistdir və buna görə də demokratiyaya qarşıdır:

“Bu son nəticədə demokratiya və insan bərabərliyini məhv edir. Bu isə təhlükəlidir, çünki əslində demokratiya ideyasının avtoritar siyasi sistemlərlə əvəzlənməsinə imkan yaradır”.