Nərimanov polisində saxlanan şəxsi yaxınları iki gün axtarıb

Polis

Bir müddət əvvəl saxlanan və bəzi yerli media orqanlarında Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumda şübhəli şəxs kimi təqdim edilən İlkin Süleymanovun narkotikdə ittiham olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna İ.Süleymanovun əmisi Elnur Süleymanov məlumat verib. O vurğulayıb ki, qardaşı oğlu aprelin 2-də saxlanılıb: "Saytlar paylaşıblar ki, Fazil Mustafaya sui-qəsd cəhdində altı nəfər ittiham olunur, köməkçilərdən biri də İlkindir. Ancaq biz bunu qəbul etmirik, bu, qeyri-mümkündür. Deyirlər ki, hadisə martın 28-də saat 21 radələrində olub, amma İlkinin Xocasən qəsəbəsində 20:15-də müşahidə kamerasında görüntüləri var, çörək alıb evə gedir…".

Buna da bax: 'İran casusu' adı ilə saxlananlar kimlərdir

"İki gün məlumat ala bilmədik"

O deyib ki, İ.Süleymanovun harada olduğu barədə iki gün məlumat ala bilməyiblər: "Yalnız dünən, aprelin 4-də axşam bizə zəng gəldi. Həmin şəxsə İlkin nömrə verib ki, bizə zəng vursun, desin ki, narahat olmayaq, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır, amma işinə Binəqədi Rayon Polis İdarəsində baxılır".

Əmisinin sözlərinə görə, dövlət tərəfindən İ.Süleymanova təyin olunan vəkil onun Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən… satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri… əldə etmə...) və 234.4.3 ( külli miqdarda satma) maddələri ilə ittiham olunduğunu bildirib: "Biz bu ittihamların heç biri ilə razılaşmırıq və qəbul etmirik. Əgər bu adamın günahı varsa, qanun qarşısında biz kimik ki, nəsə deyək? Ancaq onun qətiyyən narkotikə aidiyyəti yoxdur. İlkin sadəcə dindar olduğuna görə belə məsələlərdə ittiham olunur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Mediada "casus" damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır

"Təmir işləri getdiyi üçün…"

Vəkil Zibeydə Sadıqova da AzadlıqRadiosuna bildirib ki, iki gün bütün aidiyyəti qurumlara müraciət etsə də, müdafiə etdiyi İ.Süleymanovun yerini müəyyən edə bilməyib: "Yalnız dünən, aprelin 4-də gecə Süleymanov İlkin Elçin oğlunun yerini müəyyən etdik. Nərimanovda saxlanılır. Cinayət işini Binəqədi Rayon Polis İdarəsi (RPİ) başlayıb. Binəqədi RPİ-nin müvəqqəti saxlanma yerində (MSY) təmir işləri getdiyi üçün təqsirləndirilən şəxsləri başqa MSY-də saxlayırlar".

Sadıqovanın sözlərinə görə, bu gün, aprelin 5-də də bütün cəhdlərə baxmayaraq, müdafiə etdiyi şəxs ilə görüşə bilməyib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə "Turan"a bildirilib ki, İ.Süleymanovla bağlı cinayət işi var: "İstintaq hərəkətləri aparıldığı üçün əlavə məlumat vermək səlahiyyətimiz yoxdur".

Buna da bax: İlahiyyatçı özünü İranla münasibətlərin qurbanı sayır

Son həftələr hüquq müdafiəçiləri və sosial şəbəkə istifadəçiləri dindar insanların kütləvi həbsi ilə bağlı məlumatlar aldıqlarını iddia edirlər. Amma DİN-dən belə məlumatları şəxsi mülahizələr adlandırıblar.

Xatırlatma

Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələndiyi bildirilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilirdi: "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyati təhlükəsi yoxdur".

Ona hücumla bağlı artıq dörd nəfərin həbs edildiyi bildirilir. Amma nə adlar, nə də onlara qarşı konkret ittihamlar açıqlanır.