İlkin Süleymanov narkotik ittihamı ilə hakim önünə çıxarılır...

Ailəsi deyir ki, İlkinin Xocasən qəsəbəsində kamera görüntüləri var, Fazil Mustafaya hücum vaxtı çörək alıb evə gedir.

Sosial mediada və bir sıra saytlarda deputat Fazil Mustafaya qarşı silahlı hücumda suçlanaraq fotoları yayılan İlkin Süleymanov narkotik ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanovun cibindən 3.4 qram narkotik tapılıb. Ona qarşı CM-in 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Həmin vaxt onun tutulması xəbəri artıq yayılmışdı"

31-yaşlı Süleymanovun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, bu ittiham əsassızdır, onun qanunsuz həbsinə don geyindirmək məqsədi daşıyır: "Vəkil vasitəsilə bəzi məlumatları öyrənmişik. Guya, günorta saat 2 radələrində narkotiklə tutulub. Halbuki, həmin vaxt onun tutulması xəbəri artıq yayılmışdı. İki gün onun ailəsinə, vəkilinə yeri barədə heç bir məlumat verilməyib. Vəkil onu axtara-axtara qalıb. Müxtəlif dövlət orqanlarına müraciət edib, heç bir xəbər ala bilməyib...".

Vəkil Zibeydə Sadıqova da ailənin dediklərini AzadlıqRadiosuna təsdiqləyib. Müdafiəçi bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslə yalnız aprelin 5-də məhkəmədə görüşə bilib. Onun sözlərinə görə, Süleymanov özünü təqsirli bilmədiyini, narkotikə aidiyyəti olmadığını deyib.

Sadıqova müvəkkili haqqında çıxarılmış həbs qərarından apellyasiya şikayəti verəcək.

Xatırlatma

Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələndiyi bildirilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilirdi: "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyati təhlükəsi yoxdur".

Ona hücumla bağlı artıq dörd nəfərin həbs olunduğu bildirilir. Amma nə adlar, nə də onlara qarşı konkret ittihamlar açıqlanır.