Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumda şübhəli sayılan şəxslərin həbs edildiyi bildirilir.
“Turan”ın məlumatına görə, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb və vəsatət təmin olunub.
Xəbərdə vurğulanır ki, təqsirləndirilən dörd nəfərdən biri barədə üç, digərləri haqqında isə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Amma onların adları, konkret hansı maddələrlə ittiham olunduqları və məhkəmənin günü barədə məlumat verilmir.
Martın 28-də hadisə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah…saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlandığı açıqlanmışdı.
Bundan əvvəl habelə bildirilmişdi ki, deputat Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində dörd nəfər saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat vermişdi. Amma saxlananların kimliyi açıqlanmamışdı.
Buna da bax: Fazil Mustafaya silahlı hücumla bağlı dörd nəfərin tutulduğu deyilirXatırlatma
Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələndiyi bildirilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilirdi:
"Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyati təhlükəsi yoxdur".