Başqırdıstanın başçısı Radi Xabirov respublikanın Baymak rayonunda baş verən etirazları şərh edərkən deyib ki, bir qismi xaricdə olan fəallar “Başqırdıstanın Rusiyadan ayrılmasına” və “partizan müharibəsinə” çağırırlar.
Müxbirlər bildirirlər ki, etirazlarda başçının dediyi çağırışlar olmayıb, amma əvəzində Xabirovun və respublikanın başqa rəsmilərinin ünvanlarına qəzəbli tənqidlər səsləndirilib.
Başqırdıstanda kütləvi etiraz aksiyaları yanvarın 17-də Baymak şəhərində başlanıb.
Adamlar başqırd fəal, qadağan edilmiş “Başkort” təşkilatının keçmiş lideri Fail Alsınovun müdafiəsi üçün Baymak məhkəməsinin qarşısına toplaşmışdılar.
Burada gedən məhkəmə prosesində Alsınov millətlərarası nifaqı qızışdırmaqda ittiham olunurdu.
Məhkəmə Alsınova 4 il iş kəsdiyini bəyan edəndən sonra qəzəbli kütlə ilə polis arasında toqquşmalar baş verib. Etrirazçılar Alsınovun dərhal azadlığa buraxılmasını tələb edirdilər.
Polis aksiyanın dağıdılması üçün dəyənəklərdən, səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.
Aksiya iştirakçılarından 6-sına qarşı cinayət işləri açılıb.
Buna da bax: Başqırdıstanda minlərlə insan milli fəal barədə hökmə etiraz edirBaşçının ittihamı
Respublika başçısı Xabirov etirazçıların əsl məqsədinin başqa olduğunu deyib:
"Əlbəttə xeyirxah ekofəal, vətənpərvər maskası taxmaq olar, amma əslində vəziyyət belə deyil. Bir qismi xaricdə yaşayan bir qrup insan əslində satqındırlar və Başqırdıstanın Rusiyadan ayrılmasına çağırırlar. Onlar burda partizan müharibəsinə çağırırlar. Bunlar qətlə görə məhkum edilmiş Qabbasov və ya dinc çoban maskası taxmış, amma əslində narkotiklərə görə məhkum edilmiş Fanzil Axmetşin kimilərdir”.
Lakin etiraz iştirakçıları və Alsınovun tərəfdarları deyirlər ki, onun barəsində cinayət işini məhz region başçısı Xabirov “sifariş” edib.
Onların sözlərinə görə başçı qisas alır, çünki ekofəallar onun regiondakı soda yataqlarını sənaye şirkətinə verməsinin qarşısını alıblar.
Buna da bax: Yumurta bahalaşdı, indi də isti su boruları partlayır. Putinin seçkiqabağı başağrılarıEtnik başqırdların hüquqları
Alsınova qarşı cinayət işinin təşəbbüsçüsü olan Xabirov deyib ki, baş verənlərdə onun şəxsi təqsiri də var, çünki o “bu adamların mahiyyətini və iç üzünü vaxtında açmayıb”.
O vəd edib ki, bundan sonra məhz bu işlə ciddi məşğul olacaq.
Fail Alsınov Başqırdıstanda Kuştau dağının müdafiəçisi kimi tanınır.
Hakimiyyət bu ərazini sənaye işləri üçün “Başqırdıstan Soda” şirkətinə vermək istəyirdi. O vaxt fəallar Kuştaunu təbiət abidələrinin siyahısına saldırmağa nail olmuşdular.
Qadağan olunmuş "Başkort" təşkilatına gəlincə isə, o əsas etibarilə etnik başqırdların hüquqlarının müdafiəçisi kimi tanınıb.
Publisist və politoloq Ruslan Aysin hesab edir ki, Alsınovun təqib olunması məhz Kuştau aksiyalarına görə qisas aktıdır.