Fələstin ABŞ-a xəbərdarlıq edib

ABŞ prezidenti Donald Trump və Fələstin prezidenti Mahmud Abbas, Ağ ev, Vaşinqon, 2017-ci ilin mayı

Fələstin muxtariyyəti xəbərdarlıq edib ki, əgər onun Vaşinqtondakı diplomatik nümayəndəliyi bağlansa, ABŞ-la kontaktları dayandıracaq.

ABŞ prezidenti Donald Trump bir müddət əvvəl Yaxın Şərqə səfəri zamanı İsrail-Fələstin münaqişəsini həll etməyə çalışacağını demişdi.

ABŞ Dövlət Departamenti deyir ki, Fələstin Azadlıq Təşkilatının nümayəndəliyi Amerika qanunvericiliyindəki bir müddəaya görə bağlana bilər. Həmin müddəa İsrailin fələstinlilərə qarşı cinayətlərə görə məsuliyyətə cəlbinin tələb edilməsini yasaqlayır. Prezident Trump bu müddəanın tətbiqini bir şərtlə dayandıra bilər - Əgər fələstinlilər tez bir zamanda İsraillə sülh danışıqlarına getməkdə qərarlı olduqlarını nümayiş etdirsələr.

Buna da bax: İsrail də Birləşmiş Ştatların ardınca YUNESKO-dan çıxır

Fələstinin xarici işlər naziri Riad Malki bildirib ki, ABŞ tərəfindən heç bir təzyiq qarşısında geri çəkilməyəcəklər.

ABŞ Dövlət Departamenti Fələstin prezidenti Mahmud Abbasın sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışını "qırmızı xəttin keçilməsi" sayır. M.Abbas Beynəlxalq Cinayətlər Məhkəməsini "Fələstində qanunsuz qəsəbələrin tikilməsində və Fələstin xalqına qarşı təcsvüzdə əli olan İsrail rəsmiləri ilə bağlı təhqiqata başlamağa" çağırmışdı.