İnanclı fəal Fəqan Məmmədova 6 il həbs cəzası kəsilib. Bu hökm iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. İnanclı fəal satmaq məqsədiylə 8 qram narkotik əldə edib saxlamaqda suçlu sayılıb.
F.Məmmədov özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu deyir. O, hökmdən öncə son sözündə də bildirib ki, onu şərləyiblər. Dediyinə görə, həbsinin gerçək səbəbi üzərində "Ya Hüseyn" yazılmış köynəklərdir. Həmin köynəkləri Gəncəyə apararkən saxlandığını söyləyən təqsirləndirilən şəxsin sözlərinə görə, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. O, orada dözülməz işgəncələrə məruz qaldığını vurğulayıb: "İnsanlığa sığmayan hərəkətlər edirdilər. Sanki əsirlikdəydim. Ancaq köynəklər haqda sual verirdilər. Soruşurdular ki, niyə "Ya Hüseyn" yazılıb?".
F.Məmmədov nəinki özünün, heç yaxın qohum-əqrəbasının da narkotiklə heç bir əlaqəsinin olmadığını bildirib.
Bununla belə hakimlər CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, saxlama, daşıma) maddəsi ilə ona verilən ittihamın məhkəmədə sübuta yetirildiyi qənaətinə gəlib.
F.Məmmədovun yaxınları məhkəmədən sonra AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyiblər.