Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək.
Bu açıqlamanı martın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi yayıb.
Bununla bağlı Prezident Administrasiyasından tapşırıq gəldiyi qeyd olunur.
Komitə bildirir ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.
Xatırlatma
Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.
Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı.