Komitə rəsmisi Fethullah Gülen-in kitablarından danışdı

Nahid Məmmədov

«Azərbaycanda «qadağan edilən» yox, «gətirilməsi məqsədəuyğun olmayan» dini ədəbiyyat terminindən istifadə edilir. Dini əsərlərə də bu baxımdan rəy verilir».

Bunu «Turan» İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq şöbəsinin müdiri Nahid Məmmədov bildirib.

N.Məmmədovun deməsinə görə, hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə «Hizmet» hərəkatının rəhbəri Fethullah Gülen-in əsərlərinin ölkəyə daxil olması məqsədəuyğun sayılmayıb: «Ölkənin giriş sistemlərində dini ədəbiyyatlar qeydə alındıqda, ona rəy verilməsi üçün komitəyə göndərilir. Komitə də uyğunsuzluq və ya uyğunluq barədə rəy verir. Həm də ölkəyə idxalı məqsədəuyğun olmayan ədəbiyyatlarla bağlı siyahı var. Həmin siyahıda olan əsərlərin ölkəyə daxil olması məqsədəuyğun deyil. Uzun illərdir ki, Fethullah Gülen-in dinlə bağlı əsərlərinin Azərbaycana idxalına icazə verilmir».

Buna da bax-'FETÖ-çuların Azərbaycandakı tərəfdarlarının hamısı üzə çıxarılacaq’

N.Məmmədovun deməsinə görə, dini düşmənçilik, nifrət, öz üstünlüyünü göstərmək kimi məzmunlu dini ədəbiyyatların gətirilməsi düzgün sayılmır: «Belə əsərlərdə «Gülen» camaatının üstünlüyü təbliğ edilir. Bu səbəbdən belə əsərlərin ölkəyə idxalı məqsədəuyğun sayılmır».

Fetlullah Gülen-in Azərbaycan bağları...

Sizin brauzer HTML5-i dəstəkləmir

Fetlullah Gülen-in Azərbaycan bağları...

Hazırda ABŞ-da yaşayan Fethullah Gülen iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılır.

Türkiyədə onun tərəfdarları kütləvi şəkildə həbs edilir, işdən çıxarılır. Son günlər «Hizmet» hərəkatı ilə bağlı Azərbaycanda da həbslər başlayıb. Ancaq tutulanlar dünyəvi mövqeyi ilə seçilən müxalif partiyanın fəallarıdır. Elə avqustun 20-də «Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli də saxlanıb. Avqustun 22-si Nəsimi Rayon Məhkəməsində o, milli, irqi, dini düşmənçilik salmaqda, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaqda günahlandırılaraq, 3 ay həbs edilib. İstintaq onu «Hizmet» hərəkatının imamı olmaqda ittiham edir. Polisin iddialarına görə, onun maşınından Fethullah Gülen-in kitabları tapılıb. Hərçənd o və bəzi şahidlər bunu böhtan sayır.

Buna da bax-Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'

Ancaq ölkə mətbuatı yazır ki, son vaxtlara qədər Azərbaycanda Fethullah Gülen-in kitablarına heç bir məhdudiyyət olmayıb. Hətta hazırda mühacirətdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin bildirməsinə görə, yaxın günlərə kimi Fethullah Gülen-in kitablarına Axundov adına Mərkəzi Kitabxanada belə rast gəlmək mümkün idi. Üstəlik, mətbuat yazır ki, bu illər ərzində Fethullah Gülen-in kitablarına Azərbaycanda hakimiyyətdə təmsil edilən və ya hakimiyyəti müdafiə edən bir sıra önəmli simalar ön söz yazıblar.