Finlandiya sərhədyanı torpağı olanlarla məxfi müqavilələr imzalayır?

İmatra yaxınlığında Rusiya-Finlandiya sərhədi

Finlandiya hakimiyyət orqanları Rusiya ilə sərhədə bitişik torpaq sahələri olanlarla məxfi müqavilələr imzalayır.

Bunu Finlandiyada çıxan Helsingin Sanomat qəzeti yazır.

Qəzet yazır ki, bu müqavilələr əsasında torpaq sahibləri Finlandiya ordusuna öz sahələrində müdafiə istehkamlarının qurulmasına icazə verirlər.

Müqaviləni imzalayanlara birdəfəlik ödəniş şəklində 780 avro verilir.

Xəbərdə deyilir ki, Müdafiə Nazirliyi istehkamların tikintisinə başladığı təqdirdə torpaq sahiblərinə hərbçilərin istifadə edəcəyi hər hektar üçün 4800 avro veriləcək.

Buna da bax: Alen Simonyan: Ümid edirik ki, Paşinyan-Əliyev görüşü irəliyə doğru addım olacaq

6 il əvvəl başlanıb

Qəzetin iddiasına görə Finlandiya ordusu torpaq sahibləri ilə müqavilələrin imzalanması prosesinə 6 il bundan əvvəl başlayıb.

Amma Rusiya 2022-ci ilin fevralında Ukraynaya əsassız və səbəbsiz müdaxilə etdikdən sonra belə müqavilələrin sayı kəskin artıb.

Finlandiya Müdafiə Nazirliyinin sözçüsü Sauli Honqisto deyib ki, indi torpaq sahibləri sözü gedən müqavilələri daha həvəslə imzalayırlar, çünki söhbətin ölkənin müdafiəsindən getdiyini anlayırlar.

Qəzet yazır ki, bu müqavilələr olmadan hərbçilər sözü gedən torpaqlardan yalnız fövqəladə vəziyyət şəraitində istifadə edə bilərdilər.

Müqavilələrdə deyilir ki, bu sənədin imzalanması bu ərazidə mütləq hərbi tikinti aparılacağı anlamına gəlmir. Ordu bu tikintini lazım bildiyi vaxtda başlaya bilər. Müqavilə 20 il müddətinə bağlanır.

Buna da bax: Azərbaycan-Fransa parlament əlaqələri dayandı

Hibrid təzyiq hədəsi

Finlandiya Rusiya ilə sərhəddə müdafiə istehkamlarının qurulacağını ötən ilin iyununda elan etmişdi.

Ölkə bu qurğuların tikintisi ilə yanaşı sərhədçilərin də sayını artırıb. Bundan başqa ölkə kəşfiyyat təyyarələri alıb.

Hasarın tikilməsinə bu ilin fevralından başlanıb.

Finlandiya Rusiyanı hərbi təhdid mənbəyi hesab edir, amma həm də qonşusunun ona qarşı üçüncü ölkələrdən gələn miqrantların axınından hibrid təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahatdır.

2021-ci ildə Alyaksandr Lukaşenka Belarus-Polşa sərhədində Avropa İttifaqına qarşı məhz bu təzyiq metodundan istifadə etmişdi.