Formula 1 Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək

Formula 1, Bakı, arxiv foto

Aprelin 28-i Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günüdür.

Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlamalıdır.

Saat 14:30-dan 15:00-dək Qran-Prinin açılış mərasimi və pilotların paradı olmalıdır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə saat 16:10-da start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vurmalıdırlar. Bununla da Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

Dünən, aprelin 27-də “Formula 2” bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı oldu.Bundan başqa, Bakı trekində “Formula 1” bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçirildi.

Aprelin 26-da, yarışın ilk günü isə Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verdi.Qəza keçirən «Williams» komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə ilişmişdi. Nəticədə keçid zədələnmişdi. Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülmüşdü.Aprelin 26-da Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunmuşdu.

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

Razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olub.