Pashinian, Macron və Trudeau Yerevanda rəqs etdilər

Ermənistanın baş naziri Nikol Pashinian (solda) və Fransa prezidenti Emmanuel Macron

Yerevanda otuzadək fransızdilli ölkənin liderlərinin iştirakı ilə keçirilən ikigünlük yığıncaq başa çatıb. Ermənistanın baş naziri Nikol Pasinian deyib ki, bu görüş onun ölkəsinin beynəlxalq aləmdəki imicini daha da yaxşılaşdırıb.

Fransa prezidenti Emmanuel Macron, Kanadanın baş naziri Justin Trudeau və başqa sammit iştirakçıları oktyabrın 12-də birgə bəyannamə imzalayıblar. Bu bəyannamə hələlik ictimaiyyət üçün açıqlanmayıb. Sammitdə Ruandanın xarici işlər naziri Louise Mushikiwabo Beynəlxalq Frankofon Təşkilatının (International Organization of La Francophonie (OIF) sədri təyin olunub.

40-dək ölkədən nümayəndələrin iştirak etdiyi bu sammit Yerevanın indiyədək qonaqladığı ən böyük beynəlxalq tədbir olub.

Ermənistan şərhçiləri bildirirlər ki, sammit Ermənistanın Fransa ilə “xüsusi münasibətlərinin” mövcudluğunu bir daha təsdiq edib.

Nikol Pashinian bu münasibətlə xalqa videomüraciətində habelə Ermənistanın keçmiş hökumətini və keçmiş xarici işlər naziri Edvard Nalbandyanı Frankofon təşkilatının növbəti sammitinin Yerevanda keçirilməsinə dair 2016-cı il qərarının qəbul edilməsindəki roluna görə təqdir edib.

Bu tədbirdən yayınlanan videoreportajlarda Nikol Pashinian, Macron, Monako şahzadəsi Albert və Trudeau-nün birgə rəqs etdikləri görünür.

Frankofon ölkələr qrupuna fransız dilində danışan və ya mədəniyyətcə Fransaya bağlı olan 54 dövlət daxildir. Bunların əksəriyyəti keçmiş Fransa müstəmləkələridir.