Nümayişlərə rəsmi qadağa qoyulmasına baxmayaraq minlərlə insan Berlin küçələrinə çıxaraq hökumətin COVID-19-a yoluxmaları önləməyi hədəfləyən tədbirlərinə etiraz edib.
Polisin avqustun 1-də bildirməsinə görə, bəzi etirazçılar polis əməkdaşlarına “hücum edib”, Almaniya paytaxtında nəqliyyatın işini pozmağa çalışıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
600-dən çox saxlanan
Polis təxminən 5 minədək etirazçının küçələrə çıxdığını, 600-dən çox insanın saxlandığını bildirir.
“Onlar polis zəncirini qırmağa, əməkdaşlarımızı itələməyə çalışıblar. Nəticədə qıcıqlandırıcı maddələrə, dəyənəyə, fiziki zorakılığa əl atılıb”, – Berlin polisi tvitində yazıb.
Nümayişlər Almaniyanın digər şəhərlərində də keçirilib. Bundan öncə isə hakimlər həftəsonuna planlaşdırılan bir sıra yürüşlərə icazə verməyib. Məhkəmələr bunu nümayişçilərin maska taxmaq, sosial məsafəni gözləmək qaydalarına necə əməl edəcəyi ilə bağlı narahatlıqla izah edib.
“Querdenker” hərəkatı indiyədək ölkədə koronavirus qadağalarına ən böyük etirazları təşkil edib. Ancaq bir çox hallarda antivirus tədbirlərinin pozulmasına görə dağıdılıb.
Almaniya daxili kəşfiyyat xidməti hərəkat üzvlərini müşahidə altına aldığını bildirib. Onların sağ qanad ekstremizmi ilə əlaqələri sarıdan narahatlıq var.
Buna da bax: ‘Delta’ ştammı peyvənd olunmuşlar vasitəsilə də yayıla bilər
Fransa
Qonşu Fransada da oxşar nümayişlər keçirilib. İyulun 31-də paytaxt Parisdə və digər şəhərlərdə sağlamlıq pasportunun tətbiqinin planlaşdırılmasına qarşı onminlərlə insan küçələrə çıxıb.
Artıq üçüncü həftəsonudur Prezident Emmanuel Makronun COVID-19 tədbirləri etirazlara səbəb olur. Hökumət adamları peyvənd olunmağa həvəsləndirir, vaksin etdirməyənlərə qarşı məhdudiyyətlər tətbiq edir.
Daxili İşlər Nazirliyi ölkə boyunca 180-cən etiraz aksiyasına 204 minədək insanın çıxdığını bildirir. Etirazlar əsasən dinc keçib, ancaq Parisdə toqquşmalar olub.
Buna da bax: Ekspertlər hamilə qadınları ‘mütləq’ vaksin olunmağa çağırırlar
Peyvəndlərin qiyməti qaldırılıb
Bu arada “The Financial Times” qəzeti Pfizer və Moderna şirkətlərinin Avropa Birliyinə son təchizat kontraktlarında COVID-19-a qarşı vaksinlərini bahalandırdığını yazıb.
Pfizer vaksini 15.50 avrodan 19.50 avroya (23.15 dollar) qalxıb.
Moderna vaksininin dozası isə 19 avrodan 25.50 dollara yüksəlib. Bu, daha öncə razılaşdırılan 28.50 dollardan azdır, çünki sifarişin həcmi artıb.
Şirkət rəsmiləri məsələni şərh etməyiblər.
Avropa Komissiyasının ötən həftə bildirməsinə görə, yayın sonunacan AB-də böyüklərin azı 70 faizini tam peyvəndləməyi hədəfləyir.
Britaniya isə gələn aydan 32 milyon britaniyalıya gücləndirici (buster) doza təklif edəcək. Bunu avqustun 1-də “The Telegraph” yazıb.
Məlumata görə, kampaniya sentyabrın 6-da başlana, plan üzrə getsə dekabrın əvvəlinə tamamlana bilər.