Avqustun 12-də Fransa və İngiltərəni birləşdirən kanaldan keçmək istəyərkən miqrant qayığı batıb. Reuters agentliyi xəbər verir ki, qayığın batması nəticəsində azı 6 nəfər ölüb, 50-dən çox insan xilas edilib. Axtarış, xilas etmə tədbirləri davam edir. Ölü sayı yenilənir.
Reuters yazır ki, miqrantlar Fransadan Britaniyaya keçməyə çalışırdılar. Fransa və İngiltərə arasındakı Kanal dünyanın ən işlək gəmi yollarından biridir, güclü axını olan bu kanaldan kiçik qayıqların keçidi təhlükəli sayılır.
"Miqrantlar qayıqdan suyu öz ayaqqabılarına dolduraraq, boşaltmağa səy göstəriblər"
Xilasetmə qayıqlarından birində könüllü olan Anne Thorel sahilə qayıdanda telefonla Reutersə miqrantların gəmiyə dolmuş suyu öz ayaqqabıları ilə boşlatmaq səylərindən danışıb. O bildirib ki, biri qadın olmaqla, 54 nəfəri xilas edə biliblər.
Xilasetmə qayığındakı miqrantların xilasedici yorğanlara bükülmüş şəklini paylaşan Thorel, xilasetmə işində iştirak etdiyi qayıqda heç kimin ölmədiyini bildirib.
Fransanın baş naziri Elizabet Borne bildirib ki, kiçik dənizçilik naziri Herve Bervil miqrant qayıqlarından birinin çevrildiyi yerin yaxınlığına gedəcək.
Britaniya da öz xilasedicilərini göndərib
Britaniyanın sahil mühafizəsi xilasetmə işlərinə kömək etmək üçün Doverdən xilasedici qayıq, sahil mühafizəsi xilasetmə qrupu və təcili yardım heyəti göndərildiyini bildirib.
Böyük Britaniya hökumətinin rəqəmlərinə görə, 2018-ci ilin əvvəlindən bu yana miqrantların Kanal keçidlərinin sayı 100 mini keçib. Təkcə 2023-cü ildə bu göstərici 16 minə yaxındır.