Fransanın keçmiş baş nazirinə 5 il iş kəsilib

Fransanın keçmiş baş naziri Francois Fillon (sağda) və onun arvadı Penelop Fillon 2017-ci ilin seçki kampaniyasında

Fransanın keçmiş baş naziri Francois Fillon dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Saxta iş yerləri ilə bağlı qalmaqal 2017-ci ildə onun prezidentliyə namizədlik şanslarını alt-üst etmiş və Yelisey sarayının qapılarını Emmanuel Macron-a açmışdı.

The Independent yazır ki, Fransa məhkəməsi Fillon-un arvadı Penelope-u da dövlət vəsaitinin mənimsənilməsinə iştirakda təqsirli bilib.

65 yaşlı Fillon və onun əslən uelsli olan arvadı Penelope Fillon təqsirli olmadıqlarını bildirirlər.

Rüsvay olmuş siyasətçiyə 5 il iş kəsilib. Bunun üç ili 375 min avro cərimə ilə əvəz olunub.

Ona habelə yaxın 10-ildə hər hansı seçkili vəzifəyə namizədliyini vermək qadağan edilib.

Penelope-a üç il şərti cəza verilib və o da eyni məbləğdə cərimələnib.

Buna da bax: Macron-un qələbəsinin sirri [təhlil]

Paris İslah Məhkəməsinin hakimləri bildiriblər ki, siyasətçi öz arvadına yüz minlərlə avro gəlir gətirən saxta iş yerləri yaradıb və ona parlament köməkçisi kimi maaş verib.

Hakimlər bildiriblər ki, xanım Fillon-a ödənilən maaş onun reallıqda gördüyü işə müvafiq olmayıb.

Bu qanun pozuntuları barədə xəbərlər faş olanda Fillon Fransa prezidenti seçkisində lider namizəd idi.

O namizədliyini geri götürməsi üçün partiyasının təzyiqlərinə boyun əyməmiş, amma nəticə etibarilə seçkini birinci dövrədə uduzmuşdu.