Fransa seçkilərində ifrat sağçılar birinci turun qalibidir

Marin Lö Pen növbədənkənar parlament seçkilərinin ilk turunun nəticələrinə reaksiya verir

İyunun 30-da Fransada parlament seçkilərinin birinci turunun qalibi Marin Lö Penin "Milli Birlik" (RN) partiyası olub. Bunu ekzit-polun nəticələri göstərir, yekun nəticələr hələ bir neçə günə bilinəcək. Bu həftənin bazar günü isə ikinci tur keçirilməlidir.

Səsvermə yüksək seçici iştirakçılığı ilə keçirilib, RN-in solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizə qədərini yığdığı bildirilir. Məlumatı "Reuters" "Ipsos", "Ifop", "OpinionWay" və "Elabe" təşkilatlarının ekzit-pollarına əsasən yayıb.

Prezident Emmanuel Makronun "Birlikdə" alyansı 20.5 faiz səs yığıb.

Tələsik yaradılmış sol qanad koalisiyası – "Yeni xalq cəbhəsi"nin 29 faizə yaxın səs yığdığı görünür.

Bu rəqəmlər seçkidən öncə yayılmış rəy sorğularına uyğundur. Ancaq immiqrantlara qarşı çıxan, avroskeptik RN-in Aİ-pərəst Makronla birlikdə hökumət yarada bilib-bilməyəcəyi bəlli deyil.

Fransada çoxlarının qəbul etmədiyi RN indi hakimiyyətə heç vaxt olmadığı qədər yaxın görünür. Lö Pen son vaxtlar irqçilik və antisemitizmlə tanınan partiyasının imicini təmizləməyə çalışıb. Makronun dövründə yaşam xərclərinin, immiqrasiya sarıdan narahatlığın yüksəlməsi seçicilərin qəzəbini artırıb deyə, bu taktika səmərəli olub.

Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir. İlk turda qalib gəlmək üçün 50 faizdən çox səs toplamaq lazımdır. Əks halda, dairə üzrə səslərin azı 12.5 faizini qazanan şəxslər ikinci tura keçirlər.

Makron seçiciləri "aşkar respublikaçı və demokratik" namizədlər ətrafında birləşməyə çağırıb. Onun son bəyanatlarına əsasən demək olar ki, RN və ifrat solçu "Əyilməz Fransa" partiyasının namizədləri bu sırada deyillər.