Fransa səfirliyi önündə piket olub

Fransa bayrağı

Bu gün, noyabrın 20-də bəzi qeyri-hökumət təşkilatların nümayəndələri Fransanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

Aksiya iştirakçıları şüarlar səsləndirib və "Fransa, ədalətli ol", "Qarabağ Azərbaycandır", "Beynəlxalq hüquqa hörmət elə" yazılmış plakatlar qaldırıblar.

Aksiya iştirakçıları bildirib ki, Fransa Senatında "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsinin müzakirəyə çıxarılacağına etiraz edirlər. Onların demələrinə görə, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır.

"Bu barədə BMT-nin müvafiq qətnamələri var. Biz müraciət hazırlamışıq və səfirlik vasitəsilə senatlığa ötürülməsinə nail olmaq istəyirik", - deyə qeyd edilib.

Ərazidə olan polis piketin keçirilməsinə mane olmayıb.

Hələlik, piketdə səslənən fikirlərə Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqda qətnaməyə baxmalıdır. Bu barədə Senatın saytında bildirilir.

Sənədin müəlliflərindən biri-senator Brüno Retayo qətnamənin noyabrın 25-də müzakirə olunacağını bəyan edib.

Senatın qətnamələri tövsiyə xarakterlidir, hökumət onları icra etməyə borclu deyil.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər , Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Bu gün, noyabrın 20-də Ağdam rayonuna Azərbaycan ordusu daxil olub.