Fransadakı iğtişaşlarda həbs edilənlərin sayı 3 mini keçib

Fransa

Fransada davam edən iğtişaşların beşinci gecəsində də yüzlərlə etirazçı həbs edilib.

Amma eyni zamanda hadisələrin intensivliyinin bir qədər azaldığı da bildirilir. Ehtimal edilir ki, bu hadisələrin qarşısını almağa cəlb olunan polisin sayının artırılması ilə bağlıdır. Bu sayın 45 mindən çox olduğu bildirilir.

Buna da bax: Makron hökumətin təcili iclasını keçirir

Polisin güllələdiyi gəncin dəfnindən bir gün sonra ölkənin daxili işlər nazirliyi bazar günü gecə 700-dən çox adamın saxlandığını bildirib. İğtişaşlar və qarşıdurmalar zamanı azı 45 polis və jandarm əməkdaşı yaralandığı, 570-dən çox avtomobil və 70-dən çox binanın yandırıldığı xəbər verilir. Bundan başqa küçələrdə və ictimai yerlərdə 870-ə yaxın yanğın hadisəsi qeydə alınıb.

Ötən gecə 1300 iğtişaşçı polisə aparılıb. Beş gün ərzində həbs olunanların sayı 3 mini ötüb.

Etiraz edənlər əsasən gənclərdir. Polis zorakılıq və irqçilikdə ittiham olunur.

İğtişaşlara səbəb olan hadisə ilə bağlı yayılan məlumatlarda qeyd olunur ki, iyunun 27-də yol patrulu Əlcəzair və Mərakeş əsilli olan 17 yaşlı sürücü saxalayıb və gənc maşından uzaqlaşmaq istəyərkən polis onu güllələyib.

Qətl hadisəsi videoya çəkilib. Yeniyetməni güllələyən 38 yaşlı polis həbs edilib. Qəsdən adam öldürmə faktı ilə bağlı araşdırma aparılır.

Buna da bax: Söyüdlüdə indi vəziyyət necədir?

Fransa prezidenti Emmanuel Makron qətli “açıqlanılmaz və bağışlanmaz” adlandırıb. O, “ədalətin qalib gəlməsi üçün” zorakılığa son qoymağa çağırıb. Ölkəsində baş verənlərə görə Fransa prezidenti iyulun 2-ə təyin olunan Almaniyaya səfərini təxirə salıb.